
Bakı. Trend:
Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı
və festivalı start götürəcək.
Tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev
sahibliyi edəcək.
Dünya çempionatında 189 ölkənin iştirakı ilə minə yaxın oyunun
keçirilməsi nəzərdə tutulub. Yarışın açılış və bağlanış
mərasimləri, eləcə də ilk və final oyunları “Kristal Zal”da baş
tutacaq.
Azərbaycan dünya çempionatında Famil Xəlilovun başçılıq etdiyi
U-16 yığması ilə təmsil olunacaq. Komanda “AF” qrupunda Andorra,
Avstraliya, Haiti, İsrail və Timor-Leste yığmaları ilə mübarizə
aparacaq. Millimiz turnirdə ilk oyununu bu gün saat 19:30-da
Timor-Leste kollektivinə qarşı keçirəcək.
Dünya çempionatının rəsmi açılış mərasimi bu gün saat 19:00-da “Kristal Zal”da təşkil olunacaq.
Qeyd edək ki, FIFA-nın yeni turniri dünyanın müxtəlif
ölkələrindən gənc futbol istedadlarını bir araya gətirəcək və bütün
üzv assosiasiyalara beynəlxalq səviyyədə mübarizə aparmaq imkanı
verəcək. 2028-ci ildən etibarən turnirin oğlanlar və qızlar
arasında hər il keçirilməsi planlaşdırılır.
Yarış çərçivəsində innovativ 8×8 formatından istifadə olunacaq
və hər hissə 20 dəqiqə davam edəcək.
Turnirdə 3 000-dən çox gənc futbolçunun, məşqçinin və rəsmilərin
iştirakı gözlənilir. Komandalar əvvəlcə qrup mərhələsində mübarizə
aparacaq, daha sonra nəticələrə əsasən turnirin ikinci mərhələsində
altı performans səviyyəsi üzrə bölünəcəklər. Bütün komandalar son
oyun gününədək mübarizəni davam etdirəcək, A səviyyəsinin qalibi
isə FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu elan
olunacaq.
Turnirin əsas məqsədlərindən biri FIFA-ya üzv ölkələrə
beynəlxalq yarışlarda iştirak təcrübəsi qazandırmaq və gənc
futbolçuların inkişafı üçün şərait yaratmaqdır. Yarışların
təşkilində təxminən 250 könüllünün iştirakı nəzərdə tutulur.
Azərbaycanın 2027-ci ildə Özbəkistanla birgə FIFA U-20 Dünya
Çempionatına ev sahibliyi edəcəyini nəzərə alaraq, U-15 turnirinin
ölkədə keçirilməsi beynəlxalq futbol yarışlarının təşkili
istiqamətində ardıcıllığın təmin olunmasına da xidmət
edir.

