Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə
Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik
komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Trend xəbər
verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz
döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı
xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində
aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən
müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif
bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm
Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər
gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət
altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət
ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi
– şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş
şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu
şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə
təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və
kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb,
bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər,
tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal
edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı
şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət
daşıyır və cavab verəcəkdir.

Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə
təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar
tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota
alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə
cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı
vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş
meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni
torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk,
hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş
meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər
zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi,
mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş
nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki
şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov
qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel
döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli
Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən
ona təqdim etmişdim.

Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin
xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin.
Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa
diləyirəm.

Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu
torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki,
Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq,
danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində
idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə
lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək
istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün
bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının
iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə
qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək
mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə
etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili
standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş
qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe
bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki,
erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və
qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu
müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti
təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam
ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz
etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən
təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda
sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana
onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək
qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı
çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi
addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm
ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş
meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə
qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin
havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab
veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi
bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində
fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət
ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi
mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə
şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə
vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak
olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və
kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq
birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar.
Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır.
Bunun bir yolu var – Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan
çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq
onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və
təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə
bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq,
bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə,
həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə
gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın
canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni
zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik
göstəririk, öz mövqeyimizi müdafiə edirik.

İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə
atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub.
Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci
dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan
halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və
verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona
qədər qovacaq.

Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini
çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim
torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana
şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq
göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki,
Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı
biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır
və faktiki olaraq danışıqlar prosesini məhv edibdir.

Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim
başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri
gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan
xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu
yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə
söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana
təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər
kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə
var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki,
bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir
silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin
bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub
və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı
300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət
kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir
ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava
hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların
qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket
kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki,
artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”,
haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala
bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq,
təkbaşına!

Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real
vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına
işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il
ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan
torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə.
İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu
görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq,
mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır.
Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan
bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki,
yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın
qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda
vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan
ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı
çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də
lazım deyil.

Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu
döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da
var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda,
bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra
döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi
təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya
miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu
quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik.

Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi
arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o
qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə
qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük
dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm
və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən
əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da
onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, – bu
gün biz bu barədə danışacağıq, – bizim hərbi əməliyyatlarımız elə
aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt
itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara
heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik,
təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət
göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir
neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay
keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər,
Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də
deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi
istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə
qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş
tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək
olar ki, bu tapşırığın böyük hissəsi icra edilir.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz
öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir,
beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim
tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik,
işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini
təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail
olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət
tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb
olunur.

Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına
müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında
məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm
ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə
bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq,
ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir