
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 26-da Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva rəsmi “İnstaqram” hesabında Zəngilan, Cəbrayıl,
Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhərinin
işğaldan azad edilməsi münasibətilə paylaşım edib.
Trend-in
məlumatına görə, paylaşımda deyilir:
“Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və
Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza
səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə
edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi
və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz
dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və
Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

