
Bakı.Trend:
Azərbaycan nəqliyyat sektorunda qarşıya qoyulmuş məqsədlərə nail
ola biləcək.
Trend-in
müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rəqəmsal
İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çərşənbə
günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu
çərçivəsində bildirib.
Onun sözlərinə görə, Bakı dairəvi dəmir yolu ilə daşınan
sərnişinlərin sayı iki il əvvəlki göstərici ilə müqayisədə təxminən
30 mindən 53 min nəfərə çatıb.
“Yaxın illərdə sərnişin axınının daha da artacağı
gözlənilir.
AZAL-ın təyyarə parkının yenilənməsi çərçivəsində artıq yeni
nəsil 10 təyyarə istismara verilib. 2032-ci ilədək təyyarə parkının
əhəmiyyətli dərəcədə genişləndirilməsi və tamamilə yenilənməsi
planlaşdırılır. Bunun üçün konkret maliyyələşdirmə proqramları
nəzərdə tutulub. Təyyarələrin yenilənməsi aviasiya sektorunda
karbon emissiyalarının xüsusi həcmini təxminən 20 faiz azaltmağa
imkan verəcək.
Dəniz nəqliyyatında da modernləşdirmə işləri davam etdirilir.
Bununla yanaşı, karbon emissiyalarının azalması və iqtisadi artım
müşahidə olunur”, – deyə o qeyd edib.
Nazir müavininin sözlərinə görə, cari ilin ilk doqquz ayında
nəqliyyat sektorunda artım 10 faiz, tranzit daşımalarının həcmi isə
14 faizdən çox olub.
“Müvafiq tədbirlərin həyata keçirilməsi öhdəliklərin dövlət
proqramlarında təsbit edilməsini və beynəlxalq maliyyə institutları
ilə səmərəli əməkdaşlığı nəzərdə tutur. Artıq hava, dəmir yolu və
şəhər relsli nəqliyyatı sahələrində belə əməkdaşlıq qurulub”, –
deyə R. Hümmətov bildirib.
O qeyd edib ki, rəqəmsallaşma bir tərəfdən iqtisadi səmərəliliyi
artırır, digər tərəfdən isə əhali üçün nəqliyyat xidmətlərinin
əlçatanlığının təmin edilməsinə töhfə verir.
Nazir müavininin sözlərinə görə, xidmətlərin əlçatanlığı, o
cümlədən onların qiymətindən asılıdır. Münasib qiymətlərin təmin
edilməsi üçün yanacaqdan daha səmərəli istifadə etməyə imkan verən
nəqliyyat vasitələrinə üstünlük verilməlidir.
“Ümid edirəm ki, Azərbaycan qarşıdakı illərdə qəbul edilmiş
öhdəliklərə və nəzərdə tutulan proqramlara uyğun olaraq qarşıya
qoyulan məqsədlərə nail ola biləcək”, – deyə nazir müavini fikrini
yekunlaşdırıb.

