
Bakı.Trend:
Şəbəkə Məcəlləsi Azərbaycanın bərpa olunan enerji sektoruna
investisiyaların cəlb edilməsi üçün şəffaflığı artıracaq.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu “Masdar” şirkətinin
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov çərşənbə günü
Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda
bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti elektrik şəbəkəsi
infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar
yönəldib.
“Energetika Nazirliyi “Azərişıq”la birgə şəbəkələrin inkişafı
planını hazırlayıb və bu işə beynəlxalq ekspertlər cəlb olunub.
Gələcək elektrik enerjisi tələbatı nəzərə alınmaqla, bərpa olunan
enerji mənbələrinin şəbəkəyə qoşulması imkanları araşdırılıb.
Nəticədə, istehlakın proqnoz göstəriciləri və yeni generasiya
güclərinin qoşulması üzrə hədəf parametrlər müəyyən edilib. Bundan
əlavə, ABŞ, Türkiyə və Azərbaycandan olan beynəlxalq ekspertlərin
iştirakı ilə “Azərişıq”ın nəzdində işçi qrupu yaradılıb”, – deyə o
bildirib.
M.Sadıxov qeyd edib ki, ölkə tarixində ilk dəfə elektrik
şəbəkəsinin statik və dinamik modelləri hazırlanıb. Bu modellər
şəbəkədəki problemli sahələri rəqəmsal formatda müəyyən etməyə və
onların aradan qaldırılması yollarını təyin etməyə imkan verir.
Onun sözlərinə görə, araşdırmaların nəticələri yeni elektrik
stansiyalarının şəbəkəyə qoşulması üçün şərait yaradır. Bununla
yanaşı, bərpa olunan enerji sektorunda fəaliyyət göstərən
investorlar, o cümlədən kiçik və orta müəssisələr üçün şəffaf və
aydın qaydaların formalaşdırılması vacibdir.
Qeyd edək ki, Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoq
keçirilir. Tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi, Dayanıqlı
İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və Birləşmiş Millətlər
Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilir.Tədbirin
mövzusu “Azərbaycanda milli səviyyədə müəyyən edilmiş töhfələrin
həyata keçirilməsinin sürətləndirilməsi: dayanıqlı inkişaf naminə
enerji sektorunun karbonsuzlaşdırılmasına dəstək”dir.Dialoq
çərçivəsində Azərbaycanın milli iqlim öhdəliklərinin yerinə
yetirilməsi, enerji sektorunun ekoloji transformasiyası, bərpa
olunan enerji mənbələrinin inkişafı və bu sahədə investisiya
imkanları müzakirə olunur.

