Rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edilib

Baş səhifə

Bakı. Trend:

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi Rüfət Alıyev sahibkardan
rüşvət almaqda ittiham olunaraq həbs edilib.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
birgə məlumatında bildirilib.

Qeyd olunub ki, Dövlət Vergi Xidmətindən daxil olmuş məlumatlar
əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş
əməliyyat-axtarış tədbiri nəticəsində cinayət işi başlanıb.




İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Dövlət Vergi
Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi
nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin
dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin sentyabr ayında
Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan vergi yoxlaması
zamanı daha az məbləğdə maliyyə sanksiyası tətbiq edilməsi
müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Cinayət Məcəlləsinin
311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə və ya
hərəkətsizliyə görə rüşvət alma) maddəsi ilə ittiham elan olunub.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri
seçilib.

Cinayət işi üzrə qanunsuz əməllərin tam dairəsinin
müəyyənləşdirilməsi və bu əməllərdə iştirak etmiş digər təqsirli
şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində
istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir