
Bakı. Trend:
Bank sektoru qanunsuz əməliyyatların aparılma meydançası deyil
və maliyyə əməliyyatları müəyyən edilmiş qaydalar çərçivəsində
həyata keçirilməlidir.
Bunu “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) prezidenti
Zakir Nuriyev çərşənbə günü Müşfiqabadda Zəfər Günü ilə bağlı
keçirilən ağacəkmə aksiyası çərçivəsində Trend-ə açıqlamasında
deyib.
O bildirib ki, banklar tərəfindən kart əməliyyatlarına ümumi
məhdudlaşdırıcı limit tətbiq olunmayıb. Mövcud limitlər bütün
banklar üçün eyni minimum tələblərin qorunmasına, maliyyə
əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsinə və
qanunvericiliyin tələblərinə riayət olunmasına xidmət edir.
ABA prezidenti qeyd edib ki, limitlər müştərilərin
əsaslandırılmış ehtiyacları nəzərə alınmaqla fərdi qaydada
tənzimlənir.
“Burada məqsəd müştərilərin normal maliyyə əməliyyatlarına mane
olmaq deyil. Hər bir müştərinin tələbatı nəzərə alınır. Bununla
yanaşı, bank sistemi qanunsuz əməliyyatların həyata keçirilməsi
üçün istifadə olunmamalıdır. Kimlərsə qeyri-leqal yolla, qanunsuz
kart əməliyyatları həyata keçirirdilərsə, təbii ki, onlar artıq bu
limitlərə qane olmurlar. Əgər onlar o limitələrə yerləşmirlərsə,
narazıdırlarsa, nəzərə almalıdırkar ki, bank sektoru qanunsuz
əməliyyatların aparılma meydançası deyil”, – deyə o vurğulayıb.
Qeyd edək ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr
ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya
nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil edib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9.5%
artıb. Ödəniş kartlarında debet kartlarının sayı 11.0% artıb,
kredit kartlarının sayı isə 3.9% azalıb. İlin əvvəlindən ölkədaxili
nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə
müqayisədə 11.7% artıb. 2026-ci ilin sentyabr ayı ərzində kartlar
vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi
8,977 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin
7,755 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin
1,220 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət
terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin
əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların
həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində cari
ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 0.2%,
POS-terminalların sayı isə 4.6% azalıb.

