
Bakı.Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov hökumətə enerji içkilərinin
istehsalının və idxalının tamamilə qadağan edilməsi imkanını bir ay
ərzində nəzərdən keçirməyi tapşırıb.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Növbəti altı ay ərzində Qırğızıstanın Nazirlər Kabineti
qanunvericilik çərçivəsində müvafiq tədbirlər görməlidir.
Japarovun sözlərinə görə, bu təşəbbüs enerji içkilərinin
əhalinin sağlamlığına təsiri ilə bağlı narahatlıqlardan irəli
gəlir.
Prezident enerji içkilərinin istehlakına dair statistik
göstəriciləri açıqlayıb. 2025-ci ildə Qırğızıstan sakinləri 54
milyon 199 min litr, təxminən 129 milyon ədəd (banka) enerji içkisi
istehlak ediblər. 2026-cı ilin ilk altı ayında isə bu göstərici 36
milyon 83 min litr və ya təxminən 85,9 milyon ədəd təşkil edib.
Bununla yanaşı, ötən il ölkədə 25 milyon 263 min litr enerji
içkisi istehsal olunub. Avrasiya İqtisadi İttifaqına üzv
dövlətlərdən 28 milyon 430 min litr, digər ölkələrdən isə 1 milyon
239 min litr enerji içkisi idxal edilib.
Qırğızıstan Prezidenti xəstəliklərin profilaktikasının onların
fəsadları ilə mübarizədən daha vacib olduğunu vurğulayıb və enerji
içkilərinin həddindən artıq istehlakının yaratdığı risklərlə bağlı
tibb mütəxəssislərinin xəbərdarlıqlarının nəzərə alınmasına
çağırıb.

