DSMF-nin gəlirləri 9,2 milyard manatı ötəcək

Baş səhifə

Bakı. Trend:

2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ümumi
gəlirlərinin 9 milyard 220,5 milyon manat olması
proqnozlaşdırılır.

Bu, “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Fondun gəlirləri 2026-cı ilin təsdiq edilmiş
proqnozu ilə müqayisədə 897,4 milyon manat və ya 10,78 faiz çox
olacaq.

Gələn il Fondun məcburi dövlət sosial sığorta haqları üzrə
daxilolmalarının 7 milyard 586,5 milyon manat təşkil edəcəyi
gözlənilir. Bu, Fondun ümumi gəlirlərinin 82,28 faizinə bərabərdir.
Göstəricinin 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə
995,4 milyon manat və ya 15,1 faiz artacağı proqnozlaşdırılır.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 2
milyard 467 milyon manatının və ya 32,5 faizinin büdcədən
maliyyələşən təşkilatların, 5 milyard 119,5 milyon manatının və ya
67,5 faizinin isə qeyri-büdcə sektorunun payına düşəcəyi
gözlənilir.




Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmaların 2026-cı
ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 357,88 milyon manat və
ya 16,97 faiz, qeyri-büdcə sektoru üzrə daxilolmaların isə 637,52
milyon manat və ya 14,22 faiz artacağı nəzərdə tutulur.

2027-ci ildə Fondun dövlət öhdəlikləri üzrə xərclərinin ümumi
məbləğinin 3 milyard 831,72 milyon manat olacağı proqnozlaşdırılır.
Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 185,88 milyon manat və ya
təxminən 5,1 faiz çoxdur.

Sənədə əsasən, həmin öhdəliklərin maliyyələşdirilməsi və Fondun
büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən 1,6
milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu məbləğ dövlət
öhdəliklərinin ümumi həcminin 41,76 faizini təşkil edir.

Qeyd edək ki, 2026-cı ildə DSMF-nin ümumi gəlirləri 8 milyard
323,1 milyon manat səviyyəsində proqnozlaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir