QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu
iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Trend müraciəti
təqdim edir:

“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

“Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu”nun
iştirakçıları olan 400-dən artıq vətəndaş cəmiyyəti təmsilçiləri
xalqımızın tarixində ən şanlı səhifələrdən olan 8 Noyabr Zəfər
Gününün 6-cı ildönümü ərəfəsində Sizə müraciət etməkdən böyük qürur
hissi keçiririk!

Siz Azərbaycan xalqına tarixi Qələbə yaşatmış, dövlətimizin
ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, xalqımızın
milli qürurunu və ləyaqətini özünə qaytarmış, Ulu Öndər Heydər
Əliyevin vəsiyyətini yerinə yetirmiş Ali Baş Komandansınız. Sizin
qətiyyətli rəhbərliyiniz, siyasi iradəniz və müdrik strategiyanız
nəticəsində xalqımızın onilliklər boyu qəlbində yaşatdığı Zəfər
arzusu artıq gerçəkləşib. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də
milli iradənin, dövlətçilik əzminin, xalq-iqtidar birliyinin və
tarixi ədalətin təntənəsidir. 44 günlük Vətən müharibəsində Sizin
rəhbərliyinizlə qazanılan Zəfər Azərbaycanı yeni tarixi mərhələyə
çıxardı, ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl yaratdı.

Möhtərəm cənab Prezident!

Bu gün Azərbaycan yalnız torpaqlarını azad etmiş, suverenliyini
bərpa etmiş dövlət deyil. Azərbaycan regionun siyasi və iqtisadi
reallıqlarını müəyyən edən, beynəlxalq münasibətlər sistemində
mövqeyi və sözü ilə seçilən, artan imkanları və nüfuzu ilə orta güc
mərkəzinə çevrilən dövlətdir. Müharibədə Qələbə qazanmış
Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etməsi Sizin
siyasi liderliyinizin mühüm tarixi nəticəsidir. Bu gün işğaldan
azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və
quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi,
müasir şəhər və kəndlərin salınması qalib Azərbaycanın gələcəyə
baxışının ifadəsidir. Qarabağ və Şərqi Zəngəzurda yenidən həyatın
canlanması Qələbəmizin əbədi və dönməz nəticələrini nümayiş
etdirir.

Möhtərəm cənab Prezident!

Azərbaycanın gücü yalnız iqtisadi və hərbi potensialı ilə
ölçülmür. Bu gücün təməlində bizi birləşdirən azərbaycançılıq
ideologiyası, milli-mənəvi dəyərlərimiz, tarixi yaddaşımız və
ümummilli həmrəyliyimiz dayanır. Bu baxımdan milli ideoloji
təhlükəsizliyin qorunması, cəmiyyətin yad təsirlərdən və
dezinformasiyalardan müdafiəsi, dövlətçilik maraqlarının, tarixi
həqiqətlərimizin və milli-mənəvi dəyərlərimizin təbliği xüsusi
əhəmiyyət daşıyır.

Son illərdə Sizin rəhbərliyinizlə ölkəmizdə keçirilən COP29,
Ümumdünya Şəhərsalma Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və
digər beynəlxalq tədbirlər Azərbaycanın qlobal proseslərdə artan
rolunu, təşkilatçılıq imkanlarını və beynəlxalq etimadını
təsdiqləyir, bizi həm də öz dəyərlərimizi qorumağa, onları müdafiə
etməyə ruhlandırır.

Azərbaycan QHT-ləri vətəndaş cəmiyyətinin fəal təmsilçiləri
olaraq bu istiqamətdə öz məsuliyyətini dərindən dərk edir və
dövlətimizin milli maraqlarının, mənəvi və Konstitusion
dəyərlərinin qorunmasına bundan sonra da töhfə verməyə hazır
olduğunu bildirir.

Hörmətli cənab Prezident!

Biz – Azərbaycan QHT-ləri Sizin yanınızdayıq, Sizinləyik və
dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması, xalqımızın
birliyi və həmrəyliyi naminə müəyyən etdiyiniz strateji hədəflərin
həyata keçirilməsində öz töhfəmizi verməyə hazırıq. Gəncədə
toplaşdığımız Forum çərçivəsində mina qurbanlarının iştirakı ilə
keçirilən amputant futbol oyununu seyr edərkən bir daha əmin olduq
ki, Azərbaycan xalqının yenilməz ruhunu heç bir mina, heç bir
müharibə yarası sarsıda bilməz – bu insanların meydanda nümayiş
etdirdiyi iradə, həyat eşqi və mübarizə əzmi bizim Qələbəmizin
xalqımızın qəlbində əbədi məskən salmasının parlaq təzahürü
idi.

Möhtərəm cənab Prezident!

Bu əlamətdar gün ərəfəsində bir daha bəyan edirik ki, Azərbaycan
QHT-ləri Sizin rəhbərliyinizlə həyata keçirilən siyasəti tam
dəstəkləyir, müstəqil və qüdrətli Azərbaycanın gələcəyinə böyük
inamla baxır.

Zəfər xalqımızın qüruru, suverenliyimiz dövlətimizin əbədi
sərvəti, Azərbaycançılıq məfkurəsinə əsaslanan milli birliyimiz isə
gələcək qələbələrimizin təminatıdır!”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir