
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi Asiya Maliyyə
Əməkdaşlığı Assosiasiyasının (AFCA) baş katibi Jianminq Qinin
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşərək, ölkənin maliyyə
sektorunun inkişaf perspektivlərini və dayanıqlı maliyyələşdirmə
sahəsində təşəbbüsləri müzakirə edib.
AMB-nin məlumatına görə, görüşdə, eyni zamanda, ehtiyat və
suveren fondların investisiya strategiyaları, Orta Dəhliz
infrastrukturunun maliyyələşdirilməsi, eləcə də yaşıl maliyyə və
enerji keçidi məsələləri diqqət mərkəzində olub.
Bundan əlavə, tərəflər Azərbaycan Mərkəzi Bankı ilə Asiya
Maliyyə Əməkdaşlığı Assosiasiyası arasında əməkdaşlığın
genişləndirilməsi və təcrübə mübadiləsinə dəstək göstərilməsi
barədə fikir mübadiləsi aparıblar.
AFCA Çinin Mülki İşlər Nazirliyində qeydiyyatdan keçmiş regional
beynəlxalq qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.
Assosiasiya Asiya ölkələri və regionlarının maliyyə sektorunda
fəaliyyət göstərən maliyyə institutlarını, sahəvi maliyyə
assosiasiyalarını, dövlət qurumları ilə əlaqəli təşkilatları,
peşəkar xidmətlər göstərən ixtisaslaşmış qurumları, eləcə də fiziki
şəxsləri könüllülük əsasında birləşdirir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçərək
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu
marşrut ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ hesab
olunur.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

