Azərbaycanın görkəmli səhnə xadimi Nəsibə Zeynalovanın doğum günüdür – FOTO

Mədəniyyət


Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın anadan olmasından 105 il ötür.

Oxu.Az xatırladır ki, Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. 

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Uilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.

Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir