Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz regionunun ərəb ölkələrinə turneyə çıxacaq, o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində müzakirələr aparacaq.
Ərdoğanın səfər zamanı qoltuğunda götürəcəyi portfel Türkiyənin birbaşa və nəzdində olan maraqlarının önəmini artırmaq mətləblərindən xəbər verir.
Türkiyə xarici siyasətində genişlənən iddialarını:
– Çinin Körfəz ölkələri üzrə maraqlarını böyütməsindən;
– Rusiyanın Səudiyyə Ərəbistanı ilə əlbir olub ABŞ-yə qarşı müqavimət “hərəkatı” yaratmasından;
– İsrailin Körfəz regionunun ərəb dövlətləri ilə münasibətlərini istiləşdirmək cəhdlərindən;
– İranın regiondakı tonundan doğan iddialı gündəliklərin arasında yerbəyer etməkdə qətiyyətli görünür.
Deməli, Türkiyə Körfəz bölgəsində çoxtərəfli əməkdaşlıq və rəqabət mühitində özünə yeni nəfəsliklər açmaq çağırışı ilə rastlaşır.
Ankara həmin zolaq üzrə bir nömrəli çağırışları icra etmək üçün təkcə siyasi-iqtisadi münasibətləri deyil, Türkiyə ilə Körfəz ölkələrinin ərəb oxunda xalqlararası, mədəni əlaqələri format edərək nəhəng institusional meyarlar formalaşdırmalıdır.
Elə bu kifayət edir söyləyək ki, regionda geosiyasi rəqabətin şiddətlənməsi gözləniləndir, lakin əsasən, Türkiyə və İran bir-birilə ideoloji müstəvidə də mübarizə aparacaqlar.
Çünki Türkiyə hər nə qədər dünyəvi dövlət olsa da, islam amili onun geosiyasətinin ideoloji yüklərindən birini təşkil edir. Ankaranın din faktoru üzrə strategiyası bir məzhəbin şişirdilib, digərlərinin kölgədə qoyulması təəssübkeşliyinə söykənmir. Bununla belə, Türkiyənin ideoloji tutumu İranın siyasiləşən şiəlik hərəkatına qarşı orbitdə qərarlaşır. Məntiqi cəhətdən belə fikrin yaranmasına əsas var ki, Körfəz regionunda Türkiyənin artan nüfuzu İranın bölgədə şiələr üzərindəki manipulyasiyalarını tarazlaşdıra biləcək bazaya sahibdir.
Kələfin ucu başqa regionlara aparacaq, Türkiyə bu əsaslarla prioritetlərini müəyyənləşdirərkən anti-İran oxunda durmağı düzgün addım hesab edir ki, bu da başadüşüləndir.
Ərdoğanın region turuna çıxmasının nəticələri Türkiyənin xarici siyasətindəki tətbiqlərə və əxz etdiyi təcrübələrə yeniliklər gətirə bilər.
Diqqəti itiləyə biləcək başqa bir məqam Ərdoğanın regiona səfərindən sonra Şimali Kipr Türk Respublikasına gedəcəyidir, bununla Ankaranın müzakirə masasında ortaya qoyacağı məsələlərdən biri daha aydınlaşır.
Körfəz ölkələrindən Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt və Bəhreyndə Şimali Kiprin nümayəndəlikləri fəaliyyət göstərir. İndi Ankara üçün ən vacib prioritetlərdən biri Şimali Kiprin müstəqilliyinin tanınmasıdır, deməli, Ərdoğan Cənubi Qafqazda Azərbaycandan, Körfəz regionunda isə ərəb ölkələrindən həmin prizma üzrə gözləntilərini paralel şəkildə ortaya qoyur.
Ərdoğanın Körfəz turundan sonra Şimali Kiprə yolunu salması aparılan müzakirələrin perspektivini dəqiqləşdirməyə kömək etmək məqsədləri daşıyır və yaxın zamanda proqnozlaşdırmaq olar ki, Azərbaycanla da eyni məzmunlu danışıqlar aparılsın.
Körfəz regionunun malik olduğu geosiyasi təsirlər Türkiyənin rastlaşdığı çağırışların həyata keçirilməsi üçün potensial imkanlar deməkdir.
Bölgənin strateji əhəmiyyəti Türkiyənin təsir imkanlarını genişləndirmək səylərinə təkan verdiyindən Ankaranın maraqlarının toqquşduğu və birləşdiyi oyunçuların manevrləri Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiyaya kimi uzanan böyük coğrafiyada fərqli səslər çıxara bilər.
Aqşin Kərimov
www.102info.az