İyulun 24-dən avqustun 20-dək dünyada 1,47 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, iki mindən çox insan dünyasını dəyişib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.
Məlumata görə, əvvəlki 28 günlə müqayisədə yoluxma sayı 63% artıb, ölənlərin sayı isə 48% azalıb.
Ümumilikdə 103 dövlətdə koronavirus hadisəsi qeydə alınıb.
COVID-19-un əsas təhlükə olaraq qaldığı barədə xəbərdarlıq edən təşkilat ölkələri koronovirusla bağlı tikilən infrastrukturu sökməyə deyil, saxlamağa çağırıb.
ÜST ölkələrdən koronavirus variantlarının erkən xəbərdarlığı, müşahidəsi və aşkarlanması üzrə işlərini davam etdirmələrini gözlədiyini əlavə edib.
Təşkilat, həmçinin, yüksəkriskli qruplarda buster vaksinasiyanı tövsiyə edib.
Bundan başqa, koronavirusun EG.5 variantının sürətlə yayılmasına da diqqət çəkilib. Avqustun 24-nə olan məlumata görə, yeni variant 53 ölkədə tapılıb. Bir həftə əvvəl bu göstərici 50 ölkə idi.
Mənbə: TASS
www.102info.az