
Sumqayıt. Trend:
Biz Ukrayna üçün çox vacib və çox lazım olan yardım və dəstəyə
görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin
minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Trend xəbər
verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev
Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı
jurnalistlərlə açıqlamasında deyib.
O bildirib ki, humanitar yardımın tərkibinə daxil olan elektrik
avadanlıqlarından Ukrayna bütün elektrik sistemini bərpa etmək üçün
istifadə edəcək:
“Biz xüsusilə qiymətləndiririk ki, bu, cari ildə aldığımız
elektrik avadanlığı yardımının ikinci paketidir. Azərbaycan
tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndiririk”.
“Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini
dəstəkləmişik. Azərbaycanın tariximizin ən qaranlıq və çətin
dövründə bizə dəstək göstərməsinə görə dərin təşəkkürümüzü
bildiririk”, – deyə səfir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən Ukraynaya
humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik
avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt
Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən,
Energetika Nazirliyi tərəfindən təmin edilir.
Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik
kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst
transformator daxildir. Ukraynada davam edən müharibədən zərər
görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının
bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi
10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna
tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2
milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də
yaxın günlərdə yola salınması planlaşdırılır.