2030-cu ilədək Azərbaycanın enerji istehsal gücündə bərpaolunan enerjinin payı 38 faizə çatdırılacaq – Nazir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan qarşıdakı iki ildə ümumi gücü 2000 MVt-dan artıq olan
10 günəş və külək elektrik stansiyasını istismara verməyi, bu
layihələrə isə 2,7 milyard ABŞ dolları həcmində sərmayə yatırmağı
planlaşdırır.

Trend xəbər
verir ki, bunu Azərbaycanın enenergetika naziri Pərviz Şahbazov bu
gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda
bildirib.

Nazir vurğulayıb ki, 2030-cu ilə qədər ölkənin enerji istehsal
gücündə bərpaolunan enerjinin payını 38 faizə çatdırmaq nəzərdə
tutulur:

“Hazırda Xəzər dənizində külək enerjisi potensialının
qiymətləndirilməsi, ərazilərin müəyyənləşdirilməsi və ofşor
elektrik stansiyalarının tikintisi üzrə 7 yerli və beynəlxalq
şirkətlə əməkdaşlıq aparılır. 2032-ci ilə qədər 6 GVt-dan çox onşor
və ofşor günəş və külək gücünün yaradılması və Xəzər–Qara
dəniz–Avropa yaşıl enerji dəhlizlərinin mərhələli şəkildə işə
salınması nəzərdə tutulub.




Bununla yanaşı, Azərbaycan–Türkiyə–Avropa və
Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan yaşıl enerji dəhlizi
layihələri həyata keçirilir. Bu layihələr həm Naxçıvan bölgəsindən,
həm də Ermənistan üzərindən keçməklə Türkiyə və Avropanı
əlaqələndirə bilər və eyni zamanda Mərkəzi Asiya ilə körpü rolunu
oynaya bilər”.

Nazir qeyd edib ki, Qazaxıstan və Özbəkistanla yaşıl enerji
sahəsində əməkdaşlığımız kompleks xarakter daşıyır və vahid
regional yaşıl enerji platformasının qurulmasına yönəlib:

“Bu istiqamətdə ilk mühüm addımlar ötən il Bakıda keçirilmiş
COP29 zamanı atıldı. Azərbaycan, Qazaxıstan və Özbəkistan
prezidentləri arasında yaşıl enerji üzrə strateji tərəfdaşlıq
haqqında hökumətlərarası saziş imzalandı. Eyni zamanda Səudiyyə
Ərəbistanı Krallığının sərmayədar kimi bu layihələrdə iştirakı ilə
bağlı sənədlər qəbul edildi”.