“Formula-1”: İspaniyalı pilot Fernando Alonso Bakıda ötənilki yürüşü yada salır

İdman

“Ötən il “Formula-1” çempionatının Azərbaycan Qran-prisinin nəticələrinə görə Fernando Alonso altıncı yer tutub, halbuki o, finişə cəmi bir neçə dövrə qalanadək yalnız onuncu idi. Lakin qəzadan və Maks Ferstappen mübarizəni dayandırandan sonra yenidən start verildi, “Alpine” komandasının ispaniyalı pilotu yürüşü gözəl yerinə yetirərək şəhər trasının ilk döngələrində bir neçə rəqibini geridə qoydu”.

AZƏRTAC xəbər verir ki, ikiqat dünya çempionu Bakı mərhələsindən əvvəl bu barədə xatirələrini bölüşərək deyib:

“Təkrar start veriləndə mən əvvəlcə bir rəqibi, Karlos Sayns ikinci döngədə yarışdan kənarlaşdıqdan sonra ikinci rəqibi geridə qoydum.

“Baku City Cirсuit”də şinləri qızdırmaq çox çətindir, xüsusən də finişə vur-tut iki dövrə qalmış yenidən start veriləndə. Məncə o vaxt mənim maşınımda təzə şinlər komplekti idi və bu, əlbəttə ki, müəyyən üstünlük qazandırırdı.

Beşinci döngədə mən Yuki Sunodanı ötdüm, növbəti sağ döngə isə heç xoşagələn deyildi, orada asfalt çox nahamar idi və mən şinləri dağıtmaqdan qorxurdum, çünki geri qazandıqlarımın hamısını itirə bilərdim. Həmin anda mən artıq üç rəqibi ötmüşdüm, dördüncü isə təkrar startda oyundan çıxan Lyuis idi. Lakin mən o vaxt heç anlamadım ki, biz daha bir mövqeni geri qazanmışıq, çünki mən onu görmürdüm.

Sonra daha bir dövrə davam gətirmək lazım idi, start-finiş xəttini iki dəfə keçməyimizə baxmayaraq, hələ də çəkinirdim ki, hansısa mövqeləri itirə bilərəm.

Finişə cəmi bir dövrə qalırdı, ERS sistemli batareyada isə hələ böyük qüvvə ehtiyatı vardı, ona görə mən bütün bu enerjini öz mövqeyimi qorumaq üçün istifadə edə bilərdim. Beləliklə, hər şey yaxşı başa çatdı.

Ümumiyyətlə, Bakıda yürüş keçirmək əladır. Yürüş vaxtı bir-iki dəfə yenidən start verilir və yaxud təhlükəsizlik avtomobili trasa çıxır, çünki uzun düz yolda çox şey baş verir. Ümidvaram ki, bu dəfə də biz bundan istifadə edə biləcəyik”.

www.RIA24.az

Spread the love