Futbol üzrə milli komandamızın UEFA Millətlər Liqasında uğursuzluqları sıraladığı bir vaxtda ölkə futbolsevərlərinin üzünü güldürən xəbərlər Slovakiyadan gəlir.
Minifutbol üzrə Azərbaycan yığması heç kimin gözləmədiyi halda, belə demək mümkündürsə, boyundan yüksək tullanaraq Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında final oynayacaq.
Əslində hər şey çox sıradan başlamışdı. Yəni ən azından bizim alışdığımız tərzdə.
Millimiz qrupdakı ilk matçında Rumıniya ilə qarşılaşmış, 0:2 hesabı ilə məğlub olmuşdu.
Amma nə oldusa, elə bundan sonra oldu.
İkinci rəqibimiz İspaniya idi və yığmamız pireneyliləri meydana çıxmağa peşman etdi – 5:1.
Bu darmadağından sonra böyük ruh yüksəkliyi qazanan milli komandamız Albaniyanı da minimal hesabla keçərək 1/8 finala vəsiqə qazandı.
Yalnız bundan sonra ölkə idmansevərlərinin diqqəti minifutbola yönəldi və artıq hər matç geniş rezonans doğurmağa, diqqətlə izlənilməyə başlandı.
1/8 finalda isə rəqib İsrail idi. Yığmamız bu rəqibini də asanlıqla yolundan kənarlaşdırmağı bacardı – 3:0.
Mərhələlər keçildikcə rəqiblərin gücü də artır, həyəcan da pik səviyyəyə doğru yüksəlirdi. 1/4 finalda Slovakiya yığması ilə üz-üzə gələn komandamız minimal hesablı qələbə ilə yarımfinala çıxaraq artıq Avropa çempionatının tarixinə öz adını yazdırmışdı.
Final yolundakı tək əngəl isə Qazaxıstan yığması idi.
Ötən gecə baş tutan çətin yarımfinal matçı millimizin əzmkar qələbəsi ilə yekunlaşdı – 3:2.
Taleyin ironiyasıdır ki, son bir həftə ərzində həm böyük futbol, həm də minifutbol millimiz Qazaxıstan və Slovakiya ilə üz-üzə gəlməli oldu. Və maraqlıdır ki, futbol millimizin üzvləri hər iki oyundan başıaşağı (uyğun olaraq 0:2 və 0:1) ayrılsa da, minifutbolçularımız hər iki matçda qalib gəlməyi bacardılar.
Və artıq finaldayıq. Rəqib isə 6 dəfə Avropanın ən güclüsü olmağı bacarmış, hazırda Avropa Minifutbol Assosiasiyanın reytinqində ikinci pillədə qərarlaşmış Rumıniyadır. O komanda ki, yığmamız turnirdəki yeganə məğlubiyyətini qrupdakı ilk matçda məhz bu komandadan alıb.
İndi isə həm revanş almaq, həm də möhtəşəm nəticəyə imza atmaq üçün tarixi şans yaranıb.
Bəs minifutbol nədir, necə idmandır, bu vaxta qədər niyə diqqət mərkəzində olmayıb, Azərbaycanda nə vaxt təşkilatlanıb?
Bu suallara aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardıq.
Avropa Minifutbol Federasiyası (EMF) hələlik nə UEFA, nə də FIFA-ya üzv deyil. Bununla belə, 2010-cu ildə təşkil olunmuş Avropanın ali minifutbol təşkilatı o vaxtdan 2018-ci ilə qədər ildə bir dəfə olmaqla mütəmadi qitə çempionatları təşkil edib.
Yalnız bütün dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən 2019, 2020 və 2021-ci illərdə yarışlar baş tutmayıb.
Bu vaxta qədər çempionatlara Slovakiya (iki dəfə), Rumıniya, Moldova, Yunanıstan, Monteneqro, Xorvatiya, Macarıstan, Çexiya və Ukrayna ev sahibliyi edib.
Sonuncu qitə çempionu Çexiya yığmasıdırsa, Rumıniya titulu hamıdan çox, altı dəfə qazanıb. Qazaxıstan və Rusiya da hərəyə bir dəfə qələbə sevinci yaşamağı bacarıblar.
Minifutbolda qaydalar futbol və futzaldakına oxşasa da, fərqli xüsusiyyətlər də var. Məsələn, futzaldan fərqli olaraq bu oyunda aut əllə atılırsa, böyük futboldan fərqli olaraq burada sürüşmə fəndi etmək olmaz.
Komandaların heyəti əsasən keçmiş futbolçu və futzalçılardan ibarət olur. Əsas şərt isə oyunçunun son bir ildə heç bir komanda ilə peşəkar müqaviləsinin olmamasıdır.
Azərbaycan Minifutbol Federasiyası (AMF) 2017-ci ildə yaranıb, ilk dəfə 2018-ci ildə Ukraynada keçirilmiş Avropa çempionatında iştirak edib və həmin yarışda qrupdan çıxa bilməyib.
Avropa Minifutbol Assosiasiyasının (EMF) 32 üzvündən biri olan qurumun Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə heç bir bağlığı yoxdur. Qurum şəxsi təşəbbüslə yaradılıb. Hazırda Gənclər və İdman Nazirliyi federasiyaya dəstək versə də, maliyyələşmə işləri reklam və sponsorlar vasitəsilə təmin edilir.
Avropa çempionatının Slovakiya ilə yarımfinal oyunundan əvvəl gənclər və idman naziri Fərid Qayıbov milli üzvləri ilə videoformatda görüşərək onlara uğurlar arzulayıb.
Federasiyanın təşkilatçılığı ilə Azərbaycan Mini Futbol Liqası keçirilir. Çempionat hərəsində altı komanda olmaqla iki qrupdan ibarət turnir şəklində təşkil olunub.
Hazırda Avropa çempionatında final oynayacaq millimizin heyəti Mini Futbol Liqasındakı komandaların oyunçularından təşkil olunub. Onların arasında keçmiş peşəkar futbolçu və futzalçılar da var.
Federasiyaya Taleh Nəsibov rəhbərlik edir. Milli komandanın baş məşqçisi isə Elşad Quliyevdir.
Zaur Xudiyev
www.RIA24.az