Azərbaycanda dayanıqlı su təminatı ilə bağlı siyasət uzunmüddətli və əsaslandırılmış strategiyaya söykənir

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron
yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin
təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına
həsr olunan müşavirənin keçirilməsi hər şeydən əvvəl bir sıra
həqiqətlərə yeni işıq saldı. Belə ki, bu müşavirə ilk növbədə
dövlətimizin başçısının narahatlıq doğuran hər bir məsələyə həssas
münasibətindən xəbər verdi.

İkincisi isə bu müşavirənin keçirilməsi Bakı şəhərində və
Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları
sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün
Dövlət Proqramının qəbul olunması göstərdi ki, Azərbaycan
dövlətinin zamanla meydana çıxan bu tip problemlərin yoluna
qoyulması üçün koordinasiya edilən təkmil fəaliyyət mexanizmi
mövcuddur. Xatırladım ki, ötən il yanvarın 28-də Bakının nəqliyyat
məsələlərinə də həsr olunan müşavirə keçirilmiş, Bakı şəhərində və
ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiq olunmuşdu.

Məlumdur ki, çağdaş dövrün qlobal problemlərindən biri su
ehtiyatlarının kəskin şəkildə azalmasıdır. Həyat mənbəyi olan su
yalnız istehlak məhsulu deyil. Su həm də hər bir ölkənin inkişafını
əhalinin sosial rifahını şərtləndirən əsas amillərdən biridir. Ona
görə su ilə dayanıqlı təminat bütün coğrafiyalarda dövlətlərin
milli təhlükəsizliklərinin əsas elementlərindən biri kimi qəbul
olunur. Lakin qlobal istiləşmənin, iqlim dəyişikliklərinin nəticəsi
olaraq xüsusən son onilliklərdə su çatışmazlığı dünyanın əsas
problemlərindən birinə çevrilib. Planetimizin müxtəlif yerlərində
yüz milyonlarla insan su çatışmazlığından əziyyət çəkir ki, bu da
onların həm sağlamlığına, həm də rifahına əhəmiyyətli dərəcədə
təsir edir. Beynəlxalq təşkilatlar qarşıdakı dövrlərdə su
böhranının daha da dərinləşəcəyi ilə bağlı həyəcan təbili
çalırlar.

Azərbaycan da iqlim dəyişmələrinin təsirinə məruz qalan
ölkələrdəndir. Elə buna görə respublikamızın da su ehtiyatları ilə
bağlı məsələləri son dövrlərdə aktuallaşıb. İqlim fəsadlarından
irəli gələrək yağıntıların azalması və qeyri-bərabər paylanması,
çaylarımızda, o cümlədən, transsərhəd çaylarda sululuğun
səviyyəsinin aşağı düşməsi su ilə təminatda yeni çağırışlar
formalaşdırır. Lakin respublikamızda hələ illər öncədən bu
çağırışlardan irəli gələrək mühüm tədbirlərin həyata keçirilməsinə
başlanılıb. Belə ki, iqtisadi inkişafa paralel olaraq su
təhlükəsizliyi məsələsi də diqqət mərkəzində saxlanılıb,
“Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, “Heydər Əliyev”,
“Vayxır” su anbarları, Oğuz-Qəbələ-Bakı su kəməri inşa edilib,
Samur-Abşeron su kəməri yenidən qurulub, əksər şəhər və rayon
mərkəzləri içməli su və kanalizasiya xidmətləri ilə təchiz
edilib.

Torpaqlarımızın işğaldan azad edilməsi respublikamızın yerüstü
su ehtiyatlarının çoxalmasına əhəmiyyətli dərəcədə təsir edib.
Məlum olduğu kimi işğal dövründə ermənilər yaz və yay aylarında
“Sərsəng” və “Suqovuşan” anbarlarından gələn suyun qarşısını kəsir,
soyuq havalarda isə suyu buraxaraq məqsədli şəkildə daşqınlar
törədirdilər. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi
bununla Ermənistan ölkəmizə qarşı su terroru da həyata keçirirdi.
İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində bu su anbarları
da tamamilə yenidən qurulub və onların su ehtiyatı ətraf ərazilərdə
kənd təsərrüfatına mühüm töhfə verir. O cümlədən, Füzulidə
“Köndələnçay”, Ağdamda “Xaçınçay” və Laçında “Zabuxçay” su
anbarlarının yenidən qurularaq istifadəyə verilib. Ümumilikdə isə
müşavirədə qeyd edildiyi kimi, su ehtiyatlarının içməli su,
suvarma, energetika və digər məqsədlər baxımından planlı,
koordinasiyalı və prioritetləşmə aparmaqla optimal istifadə
istiqamətində görülən tədbirlər sayəsində əsas su anbarlarında
ehtiyatların həcmi cari il yanvarın 1-nə 16,4 milyard kubmetr
təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2
milyard kubmetr və ya 60 faiz çoxdur.

Konkret olaraq içməli su ilə təchizata gəldikdə, regionların
sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul
edildiyi dövrdə Azərbaycanda içməli su təminatı 40 faiz, Bakı
şəhəri və Abşeron yarımadasında isə 29 faiz səviyyəsində idi. Bu
gün isə içməli su ilə təminat ölkə üzrə 73 faizə, Bakı şəhəri və
Abşeron yarımadasında isə 70 faizə çatdırılıb. Lakin iqlim
dəyişikliyi nəticəsində yağıntı və su ehtiyatlarının dəyişkənliyi,
eləcə də urbanizasiya və sənayeləşmə suya tələbatı davamlı şəkildə
artırır. Bundan başqa, yağış və tullantı sularının təmizlənməsində,
idarə olunmasında mövcud çatışmazlıqlar, kanalizasiya sistemlərinin
bir çox hissəsinin müasir standartlara cavab verməməsi vəziyyəti
daha da çətinləşdirir. Bu baxımdan Prezident İlham Əliyevin 12
yanvar 2026-cı il tarixli sərəncamla təsdiq etdiyi “Bakı şəhərində
və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları
sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün
Dövlət Proqramı”nın qarşısında dayanan əsas vəzifələr artan su
tələbatının tam qarşılanmasının təmin olunması, su itkilərinin
minimuma endirilməsi, kanalizasiya və yağış sularının idarə
olunması infrastrukturunun yenidən qurulmasıdır.

Dövlət Proqramında qeyd olunduğu kimi qarşıya qoyulan vəzifələr
2026−2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək.
2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya
infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud
infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə
olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir
texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və
ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Əvvəldə
qeyd etdiyim kimi hazırda Bakı və Abşeronda fasiləsiz içməli su ilə
təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası
nəticəsində bu, 95 faizə çatacaq. 200 kilometrdən çox magistral
kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən
qurulacaq.

2031−2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su
anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının
fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin
tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcəkdir. Bu
məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da
genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni
layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması
istiqamətində tədbirlər görüləcəkdir.

Qarşıdakı onilliklərdə dünyada su problemlərinin daha da
kəskinləşməsi proqnozlaşdırılır. Ona görə su ehtiyatlarının
qorunması və müasir texnologiyalarla idarə olunması zamanın
tələbidir. Məhz bu tələblərə cavab verən tədbirləri həyata keçirən
dövlətlər zamanın su sınağından uğurla çıxa biləcəklər.
Azərbaycanda dayanıqlı su təminatı ilə bağlı atılan addımlar, o
cümlədən bir neçə gün əvvəl “Bakı şəhərində və Abşeron
yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin
təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət
Proqramı”nın qəbul edilməsi göstərir ki, respublikamızın bu
istiqamətdəki siyasəti zamanın çağırışlarına tam uyğundur.
Ümumilikdə isə yeni Dövlət Proqramının qəbulu Azərbaycanın
dayanıqlı su təminatı ilə bağlı siyasətinin əsaslandırılmış və
uzunmüddətli strategiyaya söykənməsindən xəbər verir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir