
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə
ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir
Əli Əsədov imzalayıb. Qərara əsasən, “daşınmaz əmlakın idarə
olunması” ixtisası da sözügedən siyahıya əlavə edilib.
Trend xəbər
verir ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisası Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli, 503
nömrəli qərarı ilə təsdiq edilmiş bakalavriat ixtisaslarının
təsnifatında texniki və texnoloji ixtisaslar qrupuna aid
edilib.
Təsnifata əsasən, bu ixtisas qrupu isə I ixtisas qrupuna
daxildir. Beləliklə, bu ixtisas üzrə təhsil almaq istəyən
abituriyentlər I ixtisas qrupu üzrə imtahan verməlidirlər.
Bəs yeni ixtisas üzrə plan yerləri necə müəyyənləşəcək?
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən sorğumuza cavab
olaraq bildirildi ki, plan yerləri Nazirlər Kabineti tərəfindən
təsdiqləndikdən sonra DİM-ə təqdim olunur:
“DİM həmin plan yerlərini “Abituriyent” jurnalında dərc edir və
qəbul prosesini buna uyğun həyata keçirir. Qeyd olunub ki, plan
yerlərinin müəyyənləşdirilməsi DİM-in səlahiyyətinə aid deyil —
qurum yalnız təsdiq edilmiş yerlər üzrə qəbul aparır”.
Qeyd edək ki, Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi
üzrə ixtisaslar əsasən ixtisas qrupları üzrə formalaşdırılır.
Hazırda ölkədə I, II, III, IV və V ixtisas qrupları mövcuddur və bu
qruplar üzrə yüzlərlə ixtisas tədris olunur.

