
Bakı. Trend:
Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının
(WUF13) açılışı keçirilir.
Trend xəbər verir
ki, forumun əsas tədbirləri Bakı Olimpiya Stadionunda təşkil
olunacaq.
Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş
tutur.
Dünyanın ən nüfuzlu urbanizasiya platformalarından hesab olunan
forum Bakını qlobal şəhərsalma və dayanıqlı inkişaf müzakirələrinin
mərkəzinə çevirəcək. Tədbirə 182 ölkədən 40 mindən artıq
iştirakçının qeydiyyatdan keçməsi WUF tarixində ən yüksək
göstəricilərdən biri kimi dəyərləndirilir.
Forum çərçivəsində şəhərlərin davamlı inkişafı, iqlim
dəyişikliklərinin urban mühitə təsiri, müasir şəhər idarəçiliyi,
rəqəmsal həllər, əlçatan yaşayış və ekoloji yanaşmalar ətrafında
geniş müzakirələr aparılacaq. WUF13 dövlət rəsmilərini, beynəlxalq
təşkilat nümayəndələrini, şəhər merlərini, ekspertləri və vətəndaş
cəmiyyəti təmsilçilərini bir araya gətirən vacib beynəlxalq
platforma kimi çıxış edəcək.
Tədbirdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata
keçirdiyi yenidənqurma layihələri də təqdim olunacaq. Qarabağ və
Şərqi Zəngəzurda tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyaları, eləcə də “yaşıl enerji zonası” istiqamətində
görülən işlərin beynəlxalq iştirakçılar tərəfindən xüsusi maraqla
qarşılanacağı gözlənilir.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə
uğurlu ev sahibliyi imkanlarını və ölkənin qlobal əməkdaşlıq
təşəbbüslərində fəal rolunu bir daha nümayiş etdirir. Forum
həmçinin Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma
sahəsində təcrübəsinin beynəlxalq auditoriyaya təqdim olunması
baxımından əhəmiyyətli hesab edilir.
Tədbir zamanı BMT-nin rəsmi dilləri olan ərəb, çin, ingilis,
fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk
dillərində də sinxron tərcümə təmin ediləcək.
Qeyd edək ki, WUF tarixində ilk dəfə olaraq proqramda Liderlər
Sammiti də yer alıb. Bu isə forumun beynəlxalq siyasi və strateji
əhəmiyyətini daha da artıran yeniliklərdən biri sayılır.

