
Bakı. Trend:
Zambiya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
təcrübəsini tətbiq edə bilər.
Bunu Zambiyanın şəhər planlaşdırıcısı Misozi Piribanda Bakıda
keçirilən WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, forum onun üçün böyük təcrübə olub və müxtəlif
ölkələrdən olan iştirakçılarla fikir mübadiləsi aparmaq baxımından
mühüm platforma rolunu oynayıb:
“Bu şəhərsalma forumu mənim üçün çox böyük təcrübədir. Burada
müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmaq imkanı
yaranır”.
Misozi Piribanda forumun təşkilatçılığını yüksək
qiymətləndirərək tədbirin hazırlanmasına ciddi əmək sərf olunduğunu
qeyd edib. Onun sözlərinə görə, müzakirə edilən mövzular əsasən
inkişaf etməkdə olan ölkələr üçün aktual və praktik xarakter
daşıyır və bu da iştirakçılara həm öyrənmək, həm də təcrübə
paylaşmaq imkanı yaradır.
O həmçinin Azərbaycanın şəhərsalma təcrübəsindən təsirləndiyini
bildirib:
“Bakıda tarixiliklə müasirliyin bir arada olduğunu görmək
mümkündür. Bəzi ərazilərdə keçmişdə qeyri-planlı tikililər olub,
lakin sonradan onların inkişaf etdirildiyini və yenidən qurulduğunu
müşahidə etmək olur. Bu, bizim kimi inkişaf etməkdə olan ölkələr
üçün çox yaxşı bir nümunədir”.
O, sonda qeyd edib ki, forum və ümumilikdə təşkilatçılıqdan
məmnundur və bu təcrübəni ölkəsinə aparacaq.

