
Bakı. Trend:
Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma
işlərində əsas prioritet dayanıqlı qayıdışın təmin olunmasıdır.
Trend xəbər
verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu
gün Bakıda WUF13 çərçivəsində “Şəhərlər bağlantılılığın mərkəzində:
Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda keçirilən
tədbirdə deyib.
Nazir bildirib ki, Böyük Qayıdışın iqtisadi baxımdan
planlaşdırılması zamanı əsas məsələlərdən biri iş yerlərinin və
iqtisadi fəaliyyətin ardıcıllığının düzgün müəyyənləşdirilməsi
olub.
Onun sözlərinə görə, məqsəd onilliklər boyu doğma yurdlarından
uzaqda yaşamış insanların mümkün qədər tez geri qayıtmasını təmin
etmək idi:
“Bu məqsədlə azad edilmiş ərazilərdəki hər bir şəhər üçün ayrıca
niş yanaşma tətbiq olunub və dövlət siyasəti həmin ərazilərin
iqtisadi potensialına uyğun fəaliyyət sahələrinin inkişafına
yönəldilib. İşlərin paralel və sürətli şəkildə həyata keçirilməsi
əsas çağırışlardan biri olub. Bu məqsədlə iqtisadi fəaliyyətin
təşviqi üçün vergi güzəştləri, güzəştli kreditlər və sənaye
parklarının yaradılması daxil olmaqla geniş qanunvericilik
tədbirləri həyata keçirilib”.
M. Cabbarovun sözlərinə görə, bütün bu proseslərin mərkəzində
bağlantılılıq dayanıb.
O bildirib ki, üç hava limanı, yollar, körpülər və rəqəmsal
bağlantı infrastrukturunun insanların qayıdışından əvvəl hazır
vəziyyətə gətirilməsi Böyük Qayıdış prosesinin sürətini və
keyfiyyətini artıran əsas amillərdən biri olub.
Nazir əlavə edib ki, Azərbaycanın bağlantılığa yatırımları yalnız
ölkə daxilini deyil, beynəlxalq bazarlara çıxışı da əhatə edir.
“Xankəndidə Qarabağ Universiteti ətrafında formalaşdırılan
universitet şəhəri konsepsiyası müasir Azərbaycan tarixində ilk
dəfə olaraq iqtisadi fəaliyyətin akademik mühit üzərində
qurulmasına əsaslanan modeldir. Gəncə, Naxçıvan və Şəki kimi
şəhərlərdə də ənənəvi bilik və insan kapitalının güclü olduğu
sahələrin inkişafına yönəlmiş yanaşma tətbiq olunur”, – nazir əlavə
edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

