
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazovla “İnkişaf etməkdə olan səkkiz
ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı”nın (D-8) Baş katibi Sohail
Mahmud arasında görüş keçirilib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycanın təşkilatın ilk təsisçi olmayan üzvü kimi
D-8 çərçivəsində fəal və praktiki əməkdaşlıqda maraqlı olduğu,
dövlət başçısının qurumla əlaqələrin inkişafına böyük əhəmiyyət
verdiyi vurğulanıb. Ölkəmizin bütün sahələr üzrə, xüsusilə enerji,
ticarət, bağlantılar və dayanıqlı inkişaf sahələrində üzv dövlətlər
arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə hazır olduğu
diqqətə çatdırılıb.
Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması ilə
bağlı məsələlər nəzərdən keçirilib. Bildirilib ki, Qahirədə
keçirilmiş D-8 Komissarlarının 50-ci iclasında qəbul edilmiş qərara
uyğun olaraq bu istiqamətdə işlər davam etdirilir. Mərkəzin enerji
keçidi, bərpa olunan enerji və iqlim dayanıqlılığı sahələrində üzv
dövlətlər arasında dialoq və əməkdaşlıq üçün mühüm platforma
olacağına inam ifadə edilib.
Həmçinin “Bakı Enerji Həftəsi” çərçivəsində planlaşdırılan “D-8
Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci iclası”na hazırlıq
ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanın
enerji təhlükəsizliyi və enerji keçidi üzrə zəngin təcrübəsi, eləcə
də regional enerji interkonnektor layihələri üzv dövlətlər arasında
əməkdaşlıq üçün geniş imkanlar yaradır. Enerji məsələləri üzrə D-8
çərçivəsində dialoqlar isə bu imkanların reallaşdırılması, enerji
təhlükəsizliyi, bərpa olunan enerji investisiyaları, dayanıqlı
maliyyələşmə və yaşıl keçid sahələrində əməkdaşlığın
gücləndirilməsi baxımından vacibdir.

