
Bakı. Trend:
Mənzil təminatı bu gün dünyanın ən ciddi çağırışlarından
biridir. Sürətli urbanizasiya, iqlim dəyişiklikləri, artan yaşayış
xərcləri və infrastruktur üzərində təzyiqlər dövlətlər qarşısında
yeni vəzifələr müəyyən edir.
Trend xəbər verir ki,
bunu Milli Məclisin deputatı Nigar Məmmədova Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Milli
qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə
çevirə bilər?” mövzusunda parlament üzvlərinin dəyirmi masasında
deyib.
Millət vəkili vurğulayıb ki, bu səbəbdən dayanıqlı və inklüziv
şəhərlərin qurulması artıq yalnız urbanistika məsələsi deyil, bu,
sosial ədalət, iqtisadi inkişaf, ekoloji təhlükəsizlik və insan
rifahı məsələsidir:
“Yəni gələcək şəhərlərdə sivilizasiya səviyyəsi göydələnlərin
sayı ilə deyil, hər kəsi təhlükəsiz və etibarlı bir evlə təmin
etməyə hazır olub-olmamaları ilə ölçüləcək.
Bu prosesdə parlamentlərin və parlament üzvlərinin rolu xüsusilə
vacibdir. Çünki məhz parlamentlər qanunvericilik bazasını
formalaşdırır, dövlət büdcəsini təsdiqləyir, hökumət üzərində
nəzarəti həyata keçirir və vətəndaşların maraqlarını təmsil
edir.
Parlamentarilər yalnız qanun qəbul edən şəxslər deyil. Biz eyni
zamanda cəmiyyətlə dövlət arasında körpüyük. Biz insanların real
ehtiyaclarını beynəlxalq öhdəliklərlə birləşdirərək onları praktik
qərarlara çevirməliyik”.
Deputatın fikrincə, bu gün sosial ədalət prinsipi urban
siyasətin mərkəzində dayanmalıdır:
“Hər bir insanın təhlükəsiz, əlçatan və layiqli mənzil hüququ
təmin olunmalıdır. Şəhərlərin inkişafı yalnız iqtisadi
göstəricilərlə deyil, insanların həyat keyfiyyəti ilə
ölçülməlidir.
Eyni zamanda, ekoloji təhlükəsizlik artıq gələcəyin deyil, bu
günün məsələsidir. İqlim dəyişiklikləri şəhərlərə, infrastruktura
və insanların həyatına birbaşa təsir göstərir. Buna görə də
parlamentlərin vəzifəsi yaşıl qanunvericiliyi təşviq etmək, ekoloji
məsuliyyətli layihələri dəstəkləmək və iqlimə davamlı şəhərsalma
siyasətini gücləndirməkdir”.
N.Məmmədova vurğulayıb ki, Azərbaycan bu istiqamətdə mühüm
təcrübə nümayiş etdirir:
“İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma
layihələri müasir və dayanıqlı şəhərsalmanın yeni modelini
formalaşdırır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları,
yaşıl enerji həlləri və rəqəmsal idarəetmə sistemləri gələcəyin
şəhərlərinin necə qurulmalı olduğunu nümayiş etdirir.
Eyni zamanda, Orta Dəhlizin inkişafı regionda yeni urban və
iqtisadi transformasiya yaradır. Bu təşəbbüs şəhərlərin inkişafına,
logistika imkanlarının genişlənməsinə və beynəlxalq əməkdaşlığın
güclənməsinə mühüm töhfə verir”.
Deputat əlavə edib ki, parlamentlərin əsas missiyası dayanıqlı
mənzil siyasəti üçün güclü hüquqi baza yaratmaq, inklüziv urban
inkişafı təşviq etmək, sosial ədaləti qorumaq və ekoloji
təhlükəsizliyi təmin edən qərarların qəbuluna dəstək verməkdir.
“Həmçinin Parlamentlərarası Şəhər və Mənzil Şəbəkəsinin
yaradılması, parlament monitorinq mexanizmi, iqlimə davamlı sosial
mənzil üzrə beynəlxalq qanunvericilik çərçivəsinin hazırlanması,
gənclər, qadınlar və həssas qruplar üçün inklüziv şəhər siyasətləri
təşviq edilməlidir. Biz elə qərarlar qəbul etməliyik ki, urban
inkişaf yalnız bugünkü deyil, gələcək nəsillərin də maraqlarına
xidmət etsin. Burada birgə parlamentlər üçün texniki əməkdaşlıq
proqramlarının genişləndirilməsi də olduqca vacibdir. Çünki
şəhərlərin gələcəyi yalnız infrastruktur layihələri ilə deyil,
siyasi iradə və ədalətli idarəçiliklə müəyyən olunur”, – deyə o
yekunlaşdırıb.

