
Bakı.Trend:
Süni intellekt enerji infrastrukturunda yeni imkanlar yaradır və
proseslərin transformasiyasını tələb edir.
Trend xəbər verir
ki, bunu Boston Konstaltinq Qrupunun (BCG) idarəedici direktoru və
baş tərəfdaşı, enerji praktikasının qlobal rəhbəri – Pattabi
Seşadri Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Liderlərin
çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları
mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışında deyib.
Onun sözlərinə görə, süni intellektin inkişafı genişmiqyaslı
infrastruktur investisiyaları ilə müşayiət olunur və bu, məlumat
mərkəzlərinin tikintisi və hesablama güclərinin genişləndirilməsini
əhatə edir.
O qeyd edib ki, 2030-cu ilə qədər çip əsaslı hesablama gücləri
üzrə təxminən 75 giqavatın istismara verilməsi nəzərdə tutulur və
bu həcm məlumat mərkəzlərinə hər giqavat üçün təxminən 50 milyard
dollar investisiya ilə üst-üstə düşə bilər.
P. Seşadri həmçinin enerji infrastrukturunun böyük potensialını
və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
O bildirib ki, enerji sektoru artıq yüksək məhsuldarlıqlı
hesablama və texnologiyaların ən iri istehlakçılarından biridir,
lakin bu fakt ictimai müzakirələrdə kifayət qədər geniş əks
olunmur.
Pattabi Seşadri süni intellektin tətbiqinin iki əsas istiqamət
üzrə həyata keçirilməsinin vacibliyini də qeyd edib: işçilərin
gündəlik fəaliyyətində texnologiyaların istifadəsi və müxtəlif növ
süni intellekt sistemləri — o cümlədən proqnozlaşdırıcı, generativ
və agent əsaslı sistemlər vasitəsilə istehsal və idarəetmə
proseslərinin kompleks şəkildə yenidən qurulması.

