
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazovla Ukraynanın Baş nazirinin
birinci müavini, energetika naziri Denis Şmiqal arasında görüş
keçirilib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Ukrayna arasında dostluq və əməkdaşlıq
münasibətlərinin uzunillik tarixə malik olduğu vurğulanıb. Birgə
Hökumətlərarası Komissiyanın enerji, iqtisadiyyat və digər
sahələrdə əməkdaşlığı genişləndirdiyi bildirilib.
Görüş zamanı humanitar əməkdaşlıq və Azərbaycanın Ukraynaya
göstərdiyi dəstək də yüksək qiymətləndirilib. Ukrayna tərəfi
xüsusilə humanitar yardımların və enerji sektorunda göstərilən
dəstəyin ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə enerji təhlükəsizliyi məsələləri, iki ölkə arasında
enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.
Potensial istiqamətlər üzrə işçi qrupların yaradılması məqsədəuyğun
hesab edilib.

