AÇG-dən MOL Group zavodlarına 18 milyon barrelə yaxın neft nəql olunub

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında hasil edilən
təxminən 18 milyon barel xam neft Bakı–Tbilisi–Ceyhan (BTC) boru
kəməri və dəniz daşımaları vasitəsilə Macarıstanın MOL Group
şirkəti üçün Mərkəzi və Şərqi Avropadakı, o cümlədən Bratislava və
Riyekadakı neft emalı zavodlarına nəql olunub.

Trend bu barədə
şirkətə istinadən məlumat verir.

Şirkətin məlumatlarına əsasən, Azərbaycan regionun enerji
təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: 2025-ci il
vəziyyətinə görə, AÇG “MOL Group”un ümumi hasilatının təxminən 14
faizinə və şirkətin təsdiqlənmiş ehtiyatlarının 26 faizinə cavab
verir.

“MOL Group”un 2026-cı ilin birinci rübündə AÇG blokunun
işlənməsinə yönəltdiyi kapital xərcləri 32,4 milyon ABŞ dolları
təşkil edib. Bu göstərici ötən ilin eyni dövründəki 19,4 milyon
dollarla müqayisədə 1,7 dəfədən çox artım deməkdir. Eyni zamanda,
kəşfiyyat işlərinə yatırılan investisiyalar ötən ilin müvafiq
dövründəki 3,6 milyon dollardan 1,2 milyon dollara enib.




2026-cı ilin birinci rübündə “MOL Group”un AÇG blokunda hasilatı
günə 13 100 barel neft ekvivalentinədək yüksəlib ki, bu da bir il
əvvəlki 12 400 barel neft ekvivalenti ilə müqayisədə 5,6 faiz artım
deməkdir. Bununla belə, göstərici əvvəlki rüblə müqayisədə 13,8
faiz azalıb. 2025-ci ilin yekunlarına görə isə hasilat günə13 400
barel neft ekvivalenti təşkil edib, halbuki bu rəqəm 2024-cü ildə
12 700 barel olub.

“MOL Group” 2020-ci ildə AÇG-də 9,57 faiz pay və BTC boru
kəmərində effektiv 8,9 faiz pay əldə etməklə Azərbaycan bazarına
daxil olub. Həmin vaxtdan etibarən Azərbaycan şirkətin beynəlxalq
portfelinin əsas elementlərindən birinə çevrilib.

2025-ci ilin dekabr ayında “MOL Group” və Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Şamaxı–Qobustan regionunda
quruda kəşfiyyat, işlənmə və məhsul bölgüsü üzrə kompleks saziş
imzalayıblar. Layihə çərçivəsində MOL 65 faiz payla operator
qismində çıxış edir, SOCAR isə 35 faiz paya malikdir. Seysmik
tədqiqatların 2026-cı ildə başlanması, daha sonra isə qazma
mərhələsinə keçilməsi planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir