Cəmşid Naxçıvanski adına hərbi lisey Azərbaycan ordusunun gələcəyini formalaşdıran məktəbdir – Gündüz Əbdülov

Baş səhifə

Bakı. Trend:

Cəmşid Naxçıvanski adına hərbi lisey artıq on minlərlə
vətənpərvər gəncin həyat yolunun başlanğıc nöqtəsinə çevrilib.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Müdafiə
Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Milli Müdafiə
Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimində
deyib:

“Bu lisey yalnız xüsusi təyinatlı ali və orta ixtisas təhsilli
müəssisələr üçün namizədlər hazırlayan təhsil müəssisəsi deyil, həm
də milli ruhun, hərbi iradənin və dövlətə sədaqətin məktəbidir.

Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və suverenliyi
uğrunda liseyin yetirmələri böyük fədakarlıq göstərib, 200-dən çox
məzun Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb”.

Onun sözlərinə görə, liseyin məzunları arasında 11 Milli
Qəhrəman və 19 Vətən Müharibəsi Qəhrəmanı var ki, bu da təhsil
ocağında yüksək vətənpərvərlik ruhunun, hərbi peşəkarlığın və
liderlik keyfiyyətlərinin formalaşdırıldığını göstərir.

“Burada yaradılan şərait, müasir tədris korpusları, idman və
istirahət kompleksləri gənclərimizin hərtərəfli inkişafına xidmət
edir. Azərbaycan Ordusunun təhsil sisteminin inkişafına göstərilən
xüsusi diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığımızı
bildiririk”, – deyə o əlavə edib.




Məzunlara müraciət edən G.Əbdülov onların qalib dövlətin
övladları olduğunu vurğulayaraq bildirib ki, sabahın zabiti kimi
onlardan yalnız xidmət deyil, həm də liderlik, nümunə olmaq və
məsuliyyət daşımaq gözlənilir.

“Unutmayın ki, müasir dövrdə zabit yalnız hərbi peşə sahibi
deyil. O, yüksək intellektə malik, texnologiyanı anlayan, sürətlə
qərar qəbul edən, dəyişən şəraitə uyğunlaşan və tabeçiliyində olan
şəxslərə örnək olan liderdir”, – deyə rektor bildirib.

O, məzunlara hər zaman şərəf və ləyaqətlərini qorumağı, daim
öyrənməyi və Vətəni sevməyi tövsiyə edib.

G.Əbdülov həmçinin valideynləri, müəllimləri, zabitləri və
komandir heyətini təbrik edərək onların gənclərin bilik, intizam və
vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynadıqlarını
vurğulayıb.

Buraxılış mərasimində Raket və Artilleriya Qoşunlarının
komandanı general-leytenant Ağamir Sultanov, Hərbi Hava Qüvvələri
Komandanının müavini general-mayor Zaur Rüstəmov, Daxili
Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər
İbrahimov, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin
rəisi general-mayor Vasif Xəlilov, eləcə də Türkiyə Milli Müdafiə
Universitetinin nümayəndəsi, Türkiyə Quru Qoşunları Ali Hərbi
Məktəbinin dekanı professor İbrahim Ətəm iştirak ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir