
Bakı. Trend:
ABŞ və İran arasında əldə edilən saziş müharibənin
dayandırılmasına və Hörmüz boğazının açılmasına yol açır ki, bu da
regiona və dünya iqtisadiyyatına ciddi təsir göstərəcək.
Bu barədə Finlandiya Prezidenti Aleksandr Stubbun rəsmi “X”
sosial şəbəkə hesabında yayımlanan bəyanatda deyilir.
“Mən Amerika Birləşmiş Ştatları ilə İran arasında əldə olunan
sazişi alqışlayıram. Pakistan, Qətər və digər vasitəçilər də daxil
olmaqla bütün iştirakçıları təbrik edirəm.
Bu saziş müharibənin dayandırılmasına və Hörmüz boğazının
açılmasına yol açır ki, bu da regiona və dünya iqtisadiyyatına
ciddi təsir göstərəcək”, — deyə bəyanatda qeyd olunur.
Stubb bildirib ki, mövcud diplomatik imkan pəncərəsi hər kəs
tərəfindən konstruktiv şəkildə istifadə olunmalıdır. Bundan əlavə,
Finlandiya dövlət başçısı iştirak edən ölkələri bu müsbət
dinamikadan daha geniş münaqişənin davamlı və uzunmüddətli həllinə
nail olmaq üçün beynəlxalq hüquqa tam uyğun şəkildə istifadə etməyə
çağırıb.
Xatırladaq ki, ABŞ və İran arasında atəşkəs sazişi əldə edilib.
Saziş bütün cəbhələrdə, o cümlədən Livanda, hərbi əməliyyatların
dərhal və daimi dayandırılmasını nəzərdə tutur. O, sanksiyalar,
nüvə silahı və Hörmüz boğazının yenidən işləməsi məsələlərini əhatə
edir. Xüsusilə, Tehran nüvə silahının hazırlanması və əldə
edilməsindən çəkinməyə razılaşıb.

