
Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Bolqarıstana 456,1
milyon kubmetr təbii qaz (qaz halında) 136 milyon ABŞ dolları
dəyərində ixrac olunub.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı “2026-cı ilin
yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əlaqələri”
hesabatında bildirilib.
Qurumun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 33,6 milyon ABŞ dolları və ya 19,8 faiz
azalıb, həcm ifadəsində isə 3,7 milyon kubmetr və ya 0,8 faiz
artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan 8
ölkəyə 8,416 milyard kubmetr təbii qazı 2,536 milyard ABŞ dolları
dəyərində ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 53 milyon ABŞ dolları və ya 17,3 faiz az, həcm
ifadəsində isə 256 milyon kubmetr və ya 3,1 faiz çoxdur.
Bundan əlavə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan bir
ölkədən — İran İslam Respublikasından 168 milyon kubmetr təbii qazı
11,307 milyon ABŞ dolları dəyərində idxal edib. Ötən ilin
yanvar-aprel aylarında İrandan Azərbaycana təbii qaz ixracına dair
məlumat açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl SOCAR-ın Balkanlar üzrə regional
ofisinin rəhbəri Murad Heydərov Trend-ə eksklüziv müsahibəsində bildirmişdi ki,
Bolqarıstan şirkətin regiondakı fəaliyyətinin əsas
istiqamətlərindən biri olaraq qalır. Onun sözlərinə görə, 2025-ci
ildə SOCAR qaz təchizatı və sərhədlərarası nəqliyyat sahəsində
fəaliyyətini, eləcə də qaz infrastrukturunun inkişafı üzrə
layihələrin icrasını davam etdirib.
“Azərbaycan Qaz Təchizatı Şirkəti (Azerbaijan Gas Supply
Company, AGSC) və SOCAR tərəfindən 2025-ci ildə Bolqarıstana qaz
tədarükünün ümumi həcmi 2 milyard kubmetrə yaxın olub ki, bu da
əvvəlki ilin göstəricisi ilə müqayisə oluna bilər. Gələcək tədarük
dinamikası Bolqarıstan bazarındakı tələbdən və şirkətin regional
qaz portfelinin inkişafından asılı olacaq.
Hibrid qazlaşdırma layihəsi çərçivəsində, yəni Bulgartransgaz
şəbəkəsinə qoşulmayan ərazilərə sıxılmış təbii qazın çatdırılması
üzrə 2025-ci ildə 46 sənaye və 5 sosial istehlakçıya qaz verilib.
Layihə üzrə ümumi tədarük həcmi təxminən 80 milyon kubmetr qaz
təşkil edib”, – deyə o qeyd edib.

