
Hər il paytaxt küçələri sürət və adrenalinin mərkəzinə çevriləndə, start xəttindən gələn mühərrik səsləri ilə yanaşı, pərdəarxasında daha böyük bir prosesin – iqtisadi çarxların hərəkətə gəlməsinin şahidi oluruq.
Metbuat.az xəbər verir ki, Formula 1 Qran-Prisi artıq on ilə yaxındır ki, təkcə idman hadisəsi deyil, həm də Azərbaycanın qeyri-neft sektorunu, xüsusən də xidmət və turizm sənayesini canlandıran strateji bir iqtisadi platforma rolunu oynayır.
Bəs, rəqəmlər və faktlar pərdəarxasındakı bu iqtisadi mənfəət haqqında nə deyir?
Beynəlxalq audit nəhəngi PricewaterhouseCoopers (PwC) tərəfindən aparılan rəsmi iqtisadi təsir qiymətləndirilməsi göstərir ki, Bakıda keçirilən ilk dörd yarış (2016–2019-cu illər) ölkə iqtisadiyyatına ümumilikdə 506.3 milyon ABŞ dolları gəlir gətirib.
Bu irihəcmli rəqəmin daxili strukturuna nəzər saldıqda, onun 300.6 milyon dollarının birbaşa gəlirlər olduğu aydınlaşır. Bura paytaxta axın edən komandaların, rəsmi nümayəndə heyətlərinin və azarkeşlərin otel, iaşə və nəqliyyat sektorunda buraxdıqları real nağd vəsaitlər daxildir. Qalan 205.7 milyon dollar isə dolayı gəlirlər kimi yerli mal və xidmət tədarükçülərinin, subpodratçıların dövriyyəsinə oturub.
Layihənin ən mühüm iqtisadi göstəricilərindən biri də bilet satışının coğrafiyasıdır. Statistikaya görə, trek ətrafındakı tribun biletlərinin təxminən 80%-ni məhz xarici ölkə vətəndaşları alır. Hər il Bakıya gələn 13 mindən çox elit xarici turist iqtisadiyyatın müxtəlif qollarına birbaşa qan vurur:Sıravi turistlərdən fərqli olaraq, bir F1 azarkeşi Bakıda orta hesabla 5 gecə qalır. Hər bir xarici qonağın bu müddət ərzində ölkədə xərclədiyi orta məbləğ 2 200 dollardan çoxdur.
Yarışın yaratdığı iqtisadi ekosistem bir neçə lokomotiv sahəni eyni anda qidalandırır. PwC-nin hesabat dövrünə aid statistikasına əsasən, qazanılan vəsait sahələr üzrə bu cür paylanıb. Tikinti və infrastruktur sektoru: Şəhər trekinin qurulması, yolların beynəlxalq standartlara uyğunlaşdırılması və tribunaların quraşdırılması yerli tikinti sektoruna 181.4 milyon dollar həcmində birbaşa və dolayı mənfəət qazandırıb. Paytaxtın mehmanxana, iaşə və nəqliyyat şəbəkəsi ilk dörd ildə 73.8 milyon dollar birbaşa gəlir əldə edib.
İqtisadiyyat təkcə rəqəmlərdən ibarət deyil, həm də insan kapitalıdır. Hər il Qran-Pri ərəfəsində logistika, təhlükəsizlik, iaşə və təşkilati işlərə 5 000 ilə 10 000 arasında qısamüddətli və ortamüddətli iş yerləri cəlb olunur. Layihənin idarə edilməsində iştirak edən 1 500-dən çox könüllü gənc isə əmək bazarına daxil olmazdan əvvəl nəhəng bir qlobal korporativ təcrübə qazanır.İqtisadi ekspertlərin rəyinə görə, Formula 1-in Azərbaycan üçün ən böyük dividendini nağd pulla ölçmək qeyri-mümkündür. Yarışın dünya üzrə 500 milyonluq qlobal auditoriyaya birbaşa və canlı yayımlanması, Bakının tarixi İçərişəhər divarları ilə müasir memarlıq incilərinin sintezini dünyaya təqdim edir. Bu pulsuz qlobal reklam effekti, uzunmüddətli perspektivdə Azərbaycanın bir xarici investisiya və turizm mərkəzi kimi “soft power” (yumşaq güc) brendini formalaşdırır.
Nəticə etibarilə, rəqəmlər bir reallığı təsdiqləyir: Formula 1 Bakı üçün sadəcə sürətli avtomobillərin yarışı deyil; o, ölkə iqtisadiyyatının qeyri-neft potensialını qlobal arenada vitrinə çıxaran, gəlirli və strateji bir biznes modelidir.
Gülbəniz Hüseynli / Metbuat.az

