
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan
Muxtar Respublikasına səfəri və səfər çərçivəsində müsahibəsində
söylədiyi fikirlər, səsləndirdiyi bəyanatlar Gürcüstan mətbuatının
diqqət mərkəzində olub.
“interpressnews.ge”, “1tv.ge”, “bpn.ge” informasiya portalları
və televiziyaları dövlətimizin başçısının İkinci Qarabağ
müharibəsində Ermənistanın təslim olması, Azərbaycanın enerji
siyasəti, eləcə də Ermənistan AES-in region üçün yaratdığı
təhlükələr barədə fikirlərindən materiallar dərc ediblər.
Azərbaycan Prezidentinin nitqindən gətirilən sitatda deyilir:
“İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar Üçtərəfli
Bəyanat imzalanmışdır – Azərbaycan Prezidenti, Rusiya Prezidenti və
Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya
aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında
olan, – müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, –
Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə
qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu
məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli,
həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı
bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım
deyil. Bu, sadəcə olaraq, reallıqdır”.
Digər materiallarda Prezident İlham Əliyevə istinadla deyilir
ki, Azərbaycan Avropa bazarına elektrik enerjisi tədarük etmək
istəyir və bunun yeganə yolu Gürcüstandan və Türkiyədən keçir:
“Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər
neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə
yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz,
eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya
neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də
çıxmaq istəyirik. Bu gün yeganə marşrut Gürcüstan, Türkiyə, ondan
sonra Avropa marşrutudur. Bunu biz genişləndirməliyik. O cümlədən
Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi
əsaslandırılması hazırdır. Amma ikinci xətt olsa, bu ancaq bizim
gücümüzü artıracaq. Özü də yəqin ki, siz də xatırlayırsınız, hələ
2024-cü ilin noyabrında COP29 zamanı Qazaxıstan, Özbəkistan
prezidentləri və mən Xəzərin dibi ilə elektrik kabelinin çəkilişini
razılaşdırdıq, saziş imzaladıq. Yəni ona da biz hazır
olmalıyıq”.
Digər materialda isə Ermənistan AES-in yaratdığı təhlükə barədə,
eləcə də Ermənistanın enerji təminatı ilə bağlı fikirlər yer
alıb.

