Azərbaycan Almaniya şirkəti ilə “yaşıl enerji” və aşağı karbonlu məhsullar üzrə əməkdaşlığı müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa
Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə Almaniyanın
UNIPER şirkəti arasında “yaşıl enerji” və aşağı karbonlu məhsullar
üzrə əməkdaşlıq müzakirə edilib.

Bu barədə BOEMDA məlumat yayıb.

Bildirilib ki, sentyabrın 1-də Azərbaycan Respublikasının
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyinin (BOEMDA) Almaniya Federativ Respublikasına səfəri
çərçivəsində Düsseldorf şəhərində UNIPER şirkətinin baş ofisində
seminar təşkil edilib.

Tədbir çərçivəsində UNIPER şirkətinin Hökumətlərlə əlaqələr üzrə
Baş vitse Prezidenti Kavita Ahluvalia, Şərq regionunda təchizat və
layihələrin istiqamətləndirilməsi üzrə Vitse-prezidenti Piter Arp,
Avropa ölkələri üzrə Baş vitse-prezidenti Qordon Smit və Xəzər
regionunda biznesin inkişafı üzrə baş menecer Turgut Bas və
şirkətin digər yüksək səviyyəli nümayəndələri ilə görüşlər
keçirilib.

Görüş zamanı Azərbaycan ilə Almaniya arasında 2026-cı il 21 iyul
tarixində Berlində imzalanmış strateji tərəfdaşlığa dair Birgə
Bəyannamədə iqtisadiyyat və ticarət üzrə həyata keçirilməsi nəzərdə
tutulan “yaşıl” və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi,
yaşıl dəhlizlər və infrastrukturun inkişafına üzrə əməkdaşlıq
istiqamətləri müzakirə edilib.

Əlavə olaraq, UNIPER şirkətinin Baş İcraçı Direktoru Mişel Levis
yaradılmış Almaniya Azərbaycan Biznes Şurasının təmsilçisi olan
Şərqi Avropa Biznes Assosiasiyasının idarə heyətinin üzvü olması
qeyd edilib. Bu xüsusda görüşlərdə yaşıl enerji istiqamətində
potensial layihə istiqamətləri və gələcək planlar müzakirə
edilib.

Görüş çərçivəsində UNIPER tərəfindən hidrogenin istehsalı və
saxlanması üzrə həyata keçirilən layihələr, o cümlədən tətbiq
olunan texnologiyalar barədə ətraflı məlumat verilib. Eyni zamanda,
dayanıqlı aviasiya yanacağı (SAF), e-metanol, e-metan və bioqaz
üzrə qlobal bazarların inkişaf perspektivləri, sözügedən
məhsulların Avropa İttifaqına idxalı imkanları, əlaqələri
qanunvericilik bazasının tələbləri və aşağı karbonlu enerji
məhsulları bazarının inkişaf tendensiyaları ilə əlaqədar fikir
mübadiləsi aparılıb.




Görüş zamanı Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova
tərəfindən Azərbaycanın bərpa olunan enerji potensialı, həyata
keçirilən layihələr, “Azərbaycanın Hidrogen üzrə Milli Strateji
Baxış Sənədi”nin Tətbiqi planının icrası ilə bağlı, həmçinin yaşıl
enerji dəhlizləri istiqamətində görülən işlər barədə təqdimatla
çıxış edilib.

Avropada qaz enerji daşıyıcıları sektorunu təmsil edən Eurogas
ilə keçirilən iclas zamanı Avropa İttifaqının enerji sahəsində
tənzimləyici çərçivəsi, enerji idxalına tətbiq olunan
qanunvericilik və tənzimləmə mexanizmləri, həmçinin Avropada
tətbiqi planlaşdırılan metan emissiyalarının tənzimlənməsi
qaydaları və onların Azərbaycandan Avropaya qaz ixrac edən
şirkətlərə təsiri barədə ətraflı məlumat verilib.

Daha əvvəl Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Trend-ə
eksklüziv müsahibəsində bildirib ki, ölkə Avropa və Mərkəzi Asiya
arasında yaşıl enerji körpüsünün formalaşmasında getdikcə daha
mühüm rol oynayır.

“Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil,
həm də regional enerji bağlantılarının və yaşıl enerji
dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən
külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini
gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da
əhəmiyyətli dərəcədə artıracaq”, – deyə Cavid Abdullayev
vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı,
yeni elektrik ötürücü xətlərin yaradılması və “Xəzər–Qara
dəniz–Avropa” yaşıl enerji dəhlizi kimi təşəbbüslər Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində rolunu daha da
gücləndirəcək.

”Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri
qazandırmaqla yanaşı, daxili enerji balansının
optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha
çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq”, – deyə
o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir