
Bakı.Trend:
2026-cı ildə dünya üzrə neftə tələbat günə 2,5 milyon barel
azalacaq və bu azalmanın 80 faizi Yaxın Şərq və Asiyanın payına
düşəcək.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) saytında dərc
olunan məlumatda deyilir.
Qeyd olunur ki, son altı ay ərzində dünya üzrə neftə tələbat
orta hesabla fevral ayındakı səviyyədən günə 5,8 milyon barel aşağı
olub ki, bu da tələbatın ümumilikdə 1 milyard bareldən çox
azalmasına uyğundur.
“Ən böyük azalma Çində qeydə alınıb. Burada neft
idxalı, neft emalı müəssisələrinin yüklənməsi və neft məhsullarının
tədarükü müharibə başlamazdan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli
dərəcədə azalıb. Son altı ay ərzində Çində faktiki neft tələbatı
fevral ayındakı səviyyədən sutkada 1,7 milyon barel, ötən ilin eyni
altı aylıq dövrünün göstəricisindən isə günə 1,1 milyon barel aşağı
olub. Çinin dəniz yolu ilə xam neft idxalı fevralda günə 11,5
milyon bareldən iyunda minimum 6 milyon barelə qədər kəskin azalıb
və bu, Asiyanın digər neft idxalçılarına təzyiqi əhəmiyyətli
dərəcədə azaldıb.
Son istehlakçıların tələbatının azalması digər
bazarlarda da kəskinləşir. Yaxın Şərqdə neft-kimya müəssisələrinin
fəaliyyəti və aviaşirkətlərin daşımaları məhdudlaşdırıldığı üçün
əhəmiyyətli azalma müşahidə olunub. Bəzi hökumətlər, xüsusilə Asiya
ölkələrində, yanacaq istehlakına məhdudiyyətlər və ona qənaət
edilməsi ilə bağlı fövqəladə tədbirlər tətbiq edib. Digər ölkələrdə
isə neft məhsullarının qıtlığı və qiymətlərin artması istehlakın
azalmasına səbəb olub”, – deyə agentlik bildirir.
Qeyd olunur ki, 2026-cı ilin ikinci rübündə dünya üzrə neftə
tələbat illik ifadədə günə 5,3 milyon barel azalıb. Bu, COVID-19
pandemiyasından bəri ilk rüblük azalma olub.
“Azalmanın əsas amili qazoyl olub. Ona tələbat illik
ifadədə sutkada 1,2 milyon barel azalıb. Bununla yanaşı, nafta,
mayeləşdirilmiş neft qazı və etanın tədarükü ümumilikdə sutkada 1,8
milyon barel azalıb”, – məlumatda deyilir.

