“Saipem” Xəzər dənizində iri layihə üzrə SCA ilə müqavilə bağlayıb

Baş səhifə

Bakı.Trend:

İtaliyanın “Saipem” şirkəti Xəzər dənizində iri enerji
layihəsinin həyata keçirilməsi çərçivəsində Niderlandın “Subsea
Cable Assets” (SCA) şirkəti ilə müqavilə imzalayıb.

Şirkətin sentyabrın 24-də yaydığı məlumata görə, bu, SCA-nın “Saipem Contracting Netherlands BV” ilə ilk müqaviləsidir.
Müqavilənin dəyəri təxminən 20 milyon dollar təşkil edir. Müqavilə
Xəzər regionunda iri dəniz enerji layihəsinin dəstəklənməsi
məqsədilə mühəndislik işlərinin aparılmasını, ixtisaslaşdırılmış
avadanlığın istehsalını, quraşdırılmasını və istismarını,
sökülməsini və bərpasını nəzərdə tutur.

Bununla belə, şirkət layihənin adını açıqlamayıb.

Məlumata görə, müqavilə çərçivəsində SCA hər birinin yükqaldırma
qabiliyyəti 1 100 ton olan beş kabel daşıma karuseli, eləcə də
kabellərlə işləmək üçün müvafiq avadanlıq tədarük edəcək. Avadanlıq
kabelin Böyük Britaniyada yüklənməsi və daha sonra Azərbaycan
istiqamətində daşınması üçün istifadə olunacaq.

“SCA avadanlığın tədarükündən tutmuş onun ərazidə
yerləşdirilməsinə qədər bütün əməliyyatı idarə edəcək və vahid,
əlaqələndirilmiş iş prosesini təmin edəcək”, – deyə SCA-nın
məlumatında bildirilir.




Şirkət qeyd edib ki, kabel karusellərinin və müvafiq
avadanlıqların istehsalı hazırda SCA-nın Dubaydakı istehsalat
sahəsində aparılır. Onların Avropaya göndərilməsi cari ilin
sonunadək planlaşdırılır.

“Saipem ilə milyonlarla dollar dəyərində bu müqavilə
komandamızın son illər ərzində topladığı əhəmiyyətli təcrübəyə
əsaslanaraq, kabelin daşınması və texniki xidmət üzrə mürəkkəb
layihələrin həyata keçirilməsi sahəsindəki imkanlarını nümayiş
etdirir”, – deyə SCA-nın əməliyyat direktoru Sil de Rayke
bildirib.

Onun sözlərinə görə, şirkətin əməliyyat təcrübəsinin
kabel sarınması və avadanlıq istehsalı imkanları ilə
birləşdirilməsi SCA-ya layihənin təhlükəsiz və vaxtında həyata
keçirilməsini təmin etməyə imkan verir.

Qeyd edək ki, Subsea Cable Assets (SCA) dəniz
energetikası sahəsində ixtisaslaşmış şirkət olaraq mühəndislik
həlləri, avadanlıq istehsalı, sualtı kabellərin daşınması və
texniki xidməti ilə məşğul olur. Şirkət kabel karuselləri, yükləmə
qüllələri, dartıcı qurğular və kabellərlə işləmək üçün digər
avadanlıqları layihələndirir və istehsal edir, həmçinin dəniz külək
energetikası, neft-qaz sənayesi, enerji şəbəkələrinin
birləşdirilməsi və sualtı infrastruktur layihələri üçün
mühəndislik, səfərbərlik və əməliyyat xidmətləri göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir