
Bakı. Trend:
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Orta Dəhlizin
inteqrasiya olunmuş, etibarlı və kommersiya baxımından əhəmiyyətli
nəqliyyat şəbəkəsi kimi gücləndirilməsini dəstəkləyir.
Bunu AIIB-nin 2-ci region üzrə dövlət sektoru müştəriləri ilə iş
üzrə Baş direktoru Syaohun Yanq Trend-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, bağlantılılıq AIIB-nin təsis edilməsindən
etibarən mandatının əsas istiqamətlərindən biri olub və qlobal
ticarət və istehsal modelləri dəyişdikcə onun əhəmiyyəti daha da
artır.
“Nəqliyyat dəhlizlərini iqtisadiyyatları və bazarları
birləşdirən daha şaxələndirilmiş, səmərəli və dayanıqlı şəbəkələrin
inkişafı üçün imkan kimi qiymətləndiririk. Bu baxımdan Mərkəzi
Asiya, Cənubi Qafqaz və Türkiyə xüsusi əhəmiyyət daşıyır.
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, həmçinin Orta Dəhliz kimi
tanınan bu marşrut iki böyük bazar – Asiya və Avropa arasında
bağlantı yaradır”, – deyə Syaohun Yanq bildirib.
AIIB rəsmisi qeyd edib ki, Orta Dəhlizin inkişafı yalnız
ayrı-ayrı infrastruktur obyektlərinin yaradılması ilə
məhdudlaşmamalıdır.
“Dəhliz mahiyyət etibarilə multimodaldır və dəmir yolları,
avtomobil yolları, limanlar, dəniz nəqliyyatı, logistika obyektləri
və getdikcə daha çox rəqəmsal sistemləri bir araya gətirir.
Dəhlizin səmərəliliyi bu komponentlərin vahid sistem kimi nə
dərəcədə yaxşı işləməsindən, o cümlədən sərhəd prosedurlarının
səmərəliliyindən, sistemlərin uyğunluğundan və etibarlı logistika
xidmətlərindən asılı olacaq”, – deyə o vurğulayıb.
Syaohun Yanq bildirib ki, Orta Dəhlizin inkişafı üçün qarşıdakı
15 il ərzində təxminən 28 milyard ABŞ dolları həcmində
investisiyaya ehtiyac ola bilər.
“Bakıda keçirilmiş İslam İnkişaf Bankının illik toplantısında
səsləndirilən hesablamalara görə, qarşıdakı 15 il ərzində dəhliz
üzrə təxminən 28 milyard ABŞ dolları həcmində investisiyaya ehtiyac
var. Bu, həm imkanların miqyasını, həm də yaxşı hazırlanmış və
maliyyələşdirilə bilən layihələrdən ibarət güclü portfelin
formalaşdırılmasının əhəmiyyətini göstərir”, – deyə AIIB rəsmisi
bildirib.
Onun sözlərinə görə, dəmir yolları və avtomobil yolları Orta
Dəhlizin əsas komponentləri olaraq qalır, lakin dəhlizin
səmərəliliyi bütün logistika zəncirinin fəaliyyətindən
asılıdır.
“Limanlar, gəmiçilik imkanları, logistika mərkəzləri,
sərhəd-keçid infrastrukturu, əməliyyat sistemləri və rəqəmsal
platformaların hamısı mühüm rol oynayır”, – deyə o qeyd edib.
AIIB rəsmisi bildirib ki, dəhlizin inkişafında əsas məqsəd
yalnız ayrı-ayrı infrastruktur obyektlərinin maliyyələşdirilməsi
deyil.
“Buna görə də çoxtərəfli inkişaf bankı baxımından prioritet
yalnız ayrı-ayrı infrastruktur obyektlərini maliyyələşdirmək deyil,
dəhlizin bütövlükdə fəaliyyətinə təsir edən məhdudiyyətləri aradan
qaldırmaqdır. Bunun üçün iştirakçı ölkələr arasında koordinasiya,
uyğun hallarda sistem və standartların uyğunlaşdırılması, eləcə də
bir-birini təkrarlamayan, əksinə tamamlayan investisiya qərarları
tələb olunur”, – deyə Syaohun Yanq vurğulayıb.
O qeyd edib ki, AIIB artıq Transxəzər marşrutu ilə əlaqəli əsas
bağlantı investisiyalarını, o cümlədən avtomobil və dəmir yolu
layihələrini dəstəkləyir.
“Gələcəkdə üzv ölkələr və digər inkişaf tərəfdaşları ilə
əməkdaşlıq edərək dəhlizin inteqrasiya olunmuş, etibarlı və
kommersiya baxımından əhəmiyyətli nəqliyyat şəbəkəsi kimi
gücləndirilməsi üçün imkanlar görürük”, – deyə baş direktor
bildirib.
Syaohun Yanq Azərbaycanın bu regional şəbəkədə mühüm rol
oynadığını vurğulayıb.
“Azərbaycan bu regional şəbəkədə mühüm rol oynayır. Son səfərim
zamanı ölkədə həyata keçirilən infrastruktur modernləşdirilməsinin
miqyası məndə böyük təəssürat yaratdı. Bu səfər həmçinin
rəhbərliyin həm region daxilində, həm də regiondan kənarda dövlət
və özəl sektor arasında əməliyyat səmərəliliyinə və strateji
əməkdaşlığa verdiyi önəmi bir daha göstərdi”, – deyə o
bildirib.
AIIB rəsmisinin sözlərinə görə, Bankın daha geniş məqsədi
regional bağlantıları yaxşılaşdıran, logistika məhdudiyyətlərini
azaldan və dəhliz boyunca yerləşən ölkələr arasında ticarət və
iqtisadi inteqrasiyanı asanlaşdıran infrastrukturu
dəstəkləməkdir.
“AIIB üçün daha geniş məqsəd regional bağlantıları
yaxşılaşdıran, logistika məhdudiyyətlərini azaldan və dəhliz
boyunca yerləşən ölkələr arasında ticarət və iqtisadi inteqrasiyanı
asanlaşdıran infrastrukturu dəstəkləməkdir”, – deyə Syaohun Yanq
fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən
nəqliyyat və ticarət marşrutudur. Marşrut Çin və Mərkəzi Asiya
ölkələrindən keçərək Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə
üzərindən Avropaya uzanır. Orta Dəhliz ənənəvi Şimal və Cənub
dəhlizlərinə alternativ marşrutlardan biri kimi nəzərdən
keçirilir.

