
Bakı. Trend:
Hörmüz boğazında qaydaları pozan 7 gəminin hərəkəti dayanıb.
Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat
yayıb.
“ABŞ ordusunun dəstəyi ilə qanunsuz marşrutlardan keçərək Fars
körfəzinə daxil olan 4 tanker İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunlarının hərbçiləri tərəfindən
izlənilib.
Həmin 4 tanker Fars körfəzinin şimal aralığında neft yükünü
tankerdən-tankerə keçirərkən aşkarlanıb. Hər 4 tanker vurulub və
tankerlərdə yanğın baş verib”, -deyə məlumatda qeyd olunur.
SEPAH bildirib ki, bununla yanaşı ötən gecə Hörmüz boğazının
qərb hissəsində qaydaları pozan 3 gəmi dəniz minasına toxunub.
Hadisə nəticəsində yanğın baş verib və gəmilərin hərəkəti
dayanıb.
“ABŞ-nin gəmiləri minalanmış qeyri-qanuni marşrutdan keçməyə
dəstəkləməsi dəniz hadisələrinin günü-gündən artması ilə
nəticələnib. ABŞ tərəfi bu proses davam etdiyi halda qarşıdurmanın
bölgədəki hərbi bazalara qədər genişlənəcəyi haqda məlumatlı
olmalıdır. Bu ciddi bir xəbərdarlıqdır”, -deyə məlumatda qeyd
olunur.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz
ticarəti iflic vəziyyətə düşüb.

