İyulun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə görüşüb. AHİK sədri onları, eyni zamanda xalqımızı Müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
S. Möhbalıyev dövlətimizin Qarabağ müharibəsi iştirakçılarına, şəhid olmuş insanların ailə üzvlərinə, əlillərə, eləcə də aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Onların problemlərini, iş, məişət qayğılarını daim diqqətdə saxlayan ölkə başçısı cənab İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət yetirdiklərini bildirib. Qeyd edib ki, ölkəmizdə aparılan genişmiqyaslı islahatlar dövlətimizin vətəndaşlara olan diqqət və qayğısıdır, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Koronavirus pandemiyası dövründə dövlətimiz tərəfindən aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artırılıb. Bu proses bundan sonra da davam etdiriləcəkdir.
Sonra AHİK sədri görüşdə iştirak edən insanların müraciətlərini dinləyib, hər birinin problemləri ilə tanış olub. Qarşılaşdıqları problemlərin həllində onlara müəyyən imkan daxilində köməklik göstəriləcəyini bildirib. Görüşdə iştirak edənlər Səttar Möhbalıyevə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdən sonra onların hər birinə maddi yardımlar göstərilib.
aia.az