Dərdinə ağlamağa gəlmişəm Anam Vətən…

Cəmiyyət Gündəm

QARA YAYLIQ

            Bir qara dərd var bu dünyada. Qəfil gələn, yatanda yuxumuza belə girməyən, heç düşümədiyimiz, heç qorxmadığımız qara dərd- Şəhid dərdi…

            Dağ kimi oğulları orduya yola salan analara, bacılara gələn dərddi bu dərd, elə-obaya, məhlələrərə maşınla gələn dərdi deyirəm…

            Hələ illər öncə doymadığım uşaqlığımı tükürpədici səsi ilə perikdirən, şüvən sala gələn bir maşının bizə Şəhid dərdi gətirdiyi yadımdadır. Hansı ki, həmin gündən anamın qoynu dərdlə dolub-daşdı…

            Həmin günü məhləmizin dəmir darvazaları taybatay açılanda, içimdə  qaranlıq bir boşluğun açıldığını hiss etdim. Bu, qucağımızdakı dərdə qarışan anamın naləsini eşidəndə qopub düşən ürəyimin boş yeri idi…

            Sonra zaman keçdi. Bacılarımın, mənim əynimə biçilən  qara dərd qara yaylıq kimi bizi təqib etməyə başladı…

            Günlərun birində qara yaylığı açdıq  başımızdan… Anam qara dərdlərimizi qatlayıb qoydu sandığın uzaq küncünə…

            Dərdi paylaşmaq olmur. İtirmək, kimsəyə bağışlamaq olmur. O qapını döydümü? Olur sənin dərdin. Harda istəyirsən saxla – ürəyində, sandığının uzaq küncündə, gözlərinin yaşında…

             Anam Vətən! Dərdini anlayıram, dərdin tanış, doğma dərddi…

            Mən də sənin bir parçanam. İndi bu gecə nəfəsi kəsilə-kəsilə fəryad qoparan anaların, bacıların daxilində nələr baş verdiyini yaxşı anlayıram…

            Qara yaylığa dönən  qara dərdim yanımda… Çiynimə sərilməsə də bu gündən şəhid olan əsgərlərin dərdini təzələdi qara dərdim…

            Şəhid dərdi tək çəkilməz… Şərəflidirsə, həm də çox ağırdır.

            Canım Anam! Yanındayam, ağlamağa yox, dərdini çəkməyə səninləyəm! Şəhidimə çəkdiyin ah-nalə qara daş olub düşmənin beynini ovub parçalasın!

            Canım Anam! Bu həm sənsən, həm Azərbaycan, həm də bu gündən şəhid olan əsgərlərimizin Anaları! Sayımız artmaqdan qoru bizi İlahi bu dərd yetər bizə!

erməni adlandırdığımız düşmən zaman kecdikcə gözümdə mücərrədləşir. Toyumuzu, sevincimizi, oğlumuzu, qardaşımızı, atamızı, qonşumuzu, ellimizi, hər bir azərbaycanlımızı

əlimizdən alan, bizi Şəhidləşdirən nankorları sən susdur  İlahi!

            Şəhidimizi çəkməyə bizə dözüm ver, aman Allah, daha səbr istəmirəm…

            Səhər Şıxəli

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir