Yaddaş: Müstəqil Gürcüstanın ilk prezidenti olan millətçi Zviad Qamsaxurdiyanın (1991-1992) hakimiyyətdə olduğu dövrdə Gürcüstanda gürcü-osetin, gürcü-abxaz münaqişələri şiddətlənmiş, bu isə öz növbəsində ölkədaxili gərginliyin artmasına səbəb olmuşdur. Həmin dövrdə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı da svanların əli ilə təqiblər həyata keçirilmişdir. Bu isə çoxsaylı münaqişələrə səbəb olmuş və nəticədə on minlərlə Gürcüstan vətəndaşı olan azərbaycanlının doğma yurd-yuvasını tərk edib Azərbaycana köçməsi ilə nəticələnmişdir.
1992-ci ilin yanvar ayında Tbilisidə baş verən qanlı toqquşmalar və Gürcüstanda baş verən hərbi çevrilişdən sonra Zviad Qamsaxurdiya hakimiyyətinin devrilməsinə səbəb olmuşdur.
Və həmin vaxt Qamsaxurdiya ailəsi (oğlanları Konstantin və Georgi) və 25-30 nəfər ona sadiq qalan şəxslərlə birgə avtomobillərlə ölkə sərhəddindən qaçaraq Gəncəyə gəlir. Həmin vaxt Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi vəziyyətlə bağlı ehtiyat edərək Qamsaxurdiyanı qarşılamaqdan imtina edirlər.Yaranmış vəziyyətdə məsuliyyəti öz üzərinə çəkərək, mərdlik və qonaqpərvərlik göstərərək onları Gəncə şəhər Xalq Deputatları Məclisinin sədri, deputat Çingiz Sadıqov qarşılayır və Gəncədə istədikləri qədər qalmağı təklif edir. Z.Qamsaxurdiya, ailəsi və onu müşayiət edən şəxslərlə Gəncənin Bağbanlar qəsəbəsində yerləşən qonaq evində bir gün qalırlar. Z.Qamsaxurdiya Çingiz Sadıqovla açıq söhbətində Azərbaycanlıları yaxşı tanımadığından çox heyfslənərək, onlara qarşı ədalətli münasibət göstərmədiyindən peşmançılıq hissi keçirdiyini bildirir. Və xalqımızın qonaqpərvərliyindən və mərdliyindən razı qaldığını dəfələrlə qeyd edir. Daha sonra Z.Qamsaxurdiya Çingiz Sadıqovdan kömək istəyərək Qroznıya, Çövhər Dudayevin yanına getmək istəyini bildirir. Bunun üçün Bakı ilə əlaqə yaradılır. Və oradan bildirilir ki, təyyarə ilə Gəncə Aeroportundan birbaşa Qroznı şəhərinə yola salınsın. Amma Çingiz Sadıqov Rusiyanın təxribat törədəcəyindən ehtiyatlanaraq təyyarə variantını məqbul saymır. Buna görə də Çingiz Sadıqov Qamsaxurdiyanı və ailəsini öz istəkləri ilə Qazaxdan Ermənistanın Berd rayonuna keçməsinə köməklik göstərir.
Və Qamsaxurdiya oradan təyyarə ilə Qroznı şəhərinə gedir.
Z.Qamsaxurdiya bir müddət sonra 1992-ci ildə Qroznıda “Vətən” qəzetinə verdiyi müsahibəsində Gəncədə necə yaxşı qarşılanmasından, azərbaycanlıların ona göstərilən isti münasibətindən razılıq edirdi.Qeyd edim ki, 2008-ci ilin avqust ayında baş verən Gürcüstan-Rusiya müharibəsində də gürcülərin köməyinə Azərbaycanlılar və Azərbaycan dövləti gəldi.
Hətta, 2008-ci ilin avqustunda Rusiya qoşunlarının Tiflisə doğru irəlilədiyi bir vaxtda Ukrayna, Polşa və Baltik ölkələri liderlərinin Gürcüstan prezidenti Mixeil Saakaşviliyə dəstək üçün dörd Prezidentin və bir Baş nazirin olduğu təyyarə Gəncəyə enir. Gəncədən avtomobillə Tiflisə yola düşürlər.
Həmin hadisələr haqda Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenkonun 2014-cü ilin aprelində çapdan çıxan kitabında ətraflı bəhs edilir.
Ümumiyyətlə, Gürcüstanın indiki hakimiyyəti anlamalıdır ki, həmişə olduğu kimi bu gün də qonşularından yalnız Azərbaycan və Türkiyəyə etibar edib, dostluq münasibətlərinə xələl gətirən addımlar atmamalıdır.