İtaliya mətbuatı müxtəlif ölkələrdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinə biganə qalmayıb

Dünya Gündəm

Son günlər erməni diasporasının radikal qrupları tərəfindən müxtəlif ölkələrdə Azərbaycanın diplomatik missiyalarına və Azərbaycan icmasının üzvlərinə qarşı törətdiyi vəhşiliklər İtaliya mətbuatının diqqət mərkəzindədir.

Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu ölkənin “Kmetro0”, “Gironale Diplomatico”, “Agenzia Nova” kimi kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarda son günlər erməni diasporasının radikal qruplarının beynəlxalq səviyyədə erməni terrorçu təşkilatı kimi tanınan ASALA-nın, eləcə də qatı ekstremist erməni Daşnaksutyun partiyasının bayraq və köynəkləri ilə Azərbaycanın Belçika, ABŞ, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Niderland və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı son dərəcə aqressiv hücumlar təşkil edərək, Azərbaycanının diplomatik missiyalarının binalarına, diplomatik heyətin və Azərbaycan icmasının üzvlərinə və onların mülklərinə qarşı vandalizm aktları həyata keçirdiyi və bu vandalizm aktlarını öz sosial şəbəkə hesablarında təşviq etdikləri bildirilib.

Məlumatlarda vurğulanıb ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni icmasının 3000-ə yaxın ekstremist üzvləri Los Anceles şəhərində Azərbaycanın Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirərkən yerli polisin əmrlərinə məhəl qoymayaraq həmin ərazidə olan Azərbaycan icmasının 40 üzvünə bilərəkdən hücum ediblər. Nəticədə Azərbaycan icmasının biri qadın olmaqla yeddi üzvü ciddi xəsarət almış və onlardan dörd nəfəri xəstəxanaya yerləşdirilib.

Habelə qeyd olunub ki, Azərbaycanın Belçika Krallığındakı Səfirliyinin qarşısında etiraz aksiyası keçirən ekstremist erməni qrupları Səfirliyin binasına və həyətinə, eləcə də Azərbaycan icmasının üzvlərinə daşlarla, kəsici iti alətlərlə və partlayıcı maddələrlə hücum etmiş, nəticədə Səfirliyin əməkdaşları, Azərbaycan icmasının üzvləri və Azərbaycanın “REAL TV” televiziyasının Avropa üzrə müxbiri Xatirə Sərdarqızı daxil olmaqla altı nəfər ağır xəsarət alıb.

Bildirilib ki, Səfirliyin inzibati binası dağıntılara məruz qalıb, şüşələri sındırılıb, Azərbaycan icmasının nümayəndəsinin şəxsi avtomobili yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

İtaliya mətbuatı bildirir ki, eyni vandalizm hərəkətləri Azərbaycanın Parisdəki Səfirliyinə qarşı da həyata keçirilib.

Qeyd olunur ki, radikal erməni qruplar Səfirliyin binasına daşlarla hücum edərək Səfirliyin şüşələrini sındırmışlar.

Məlumatlarda deyilir ki, oxşar hadisələr, erməni ekstremistlərin Azərbaycan səfirliklərinin binasına daxil olmaq cəhdləri digər ölkələrdə də qeydə alınmışdır.

Habelə, dərc olunmuş məlumatlarda qeyd olunur ki, sosial şəbəkələrdə ABŞ-da yaşayan ermənilərin azərbaycanlılara qarşı digər təxribatlar da hazırladıqları barədə məlumatlar yayılmış, “Instagram”da yaradılan və erməni əsilli şəxsə aid olan bir səhifə Kaliforniyada yaşayan Azərbaycan və türk əsilli şəxslərin yaşadıqları yer barədə məlumat toplamağı sorğu etmiş və səhifənin idarəçiləri anonimlik qorunmaqla məlumat verən şəxslərə 500 ABŞ dolları miqdarında pul mükafatı vəd etmişlər.

Yazılarda bildirilir ki, ekstremist erməni qüvvələrinin bu vandalizmi nə Azərbaycan, nə də erməni terroru ilə üzləşən digər ölkələr üçün əslində yenilik deyil. Belə ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmiş, 24 türk diplomatı olmaqla 70-dən çox insanı qətlə yetirmişdir. Əlavə olunur ki, 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycan ərazilərinin işğalı prosesində Azərbaycanın müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir.

Məlumatlarda, həmçinin vurğulanır ki, erməni ekstremist qrupların xaricdə yaşayan azərbaycanlılara qarşı real təhdid olduğunu nəzərə alaraq, Azərbaycan öz soydaşlarını maksimum diqqətli olmağa və radikal ermənilərin təxribatlarına uymamağa, təmkinlik və sakitlik nümayiş etdirməyə çağırır, eləcə də beynəlxalq ictimaiyyətə də erməni radikal qruplarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, diplomatik həyətin və Azərbaycan icmasının üzvlərinə qarşı nifrət cinayətinin qəti şəkildə pislənməsi üçün müraciət edir.

Dərc olunmuş məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

https://www.giornalediplomatico.it/Azerbaigian-rappresentanze-diplomatiche-allaestero-sotto-attacco-da-estremisti-armeni.htm
https://www.agenzianova.com/a/5f1b00547f3630.27629627/3039826/2020-07-24/azerbaigian-armenia-rappresentanze-diplomatiche-di-baku-all-estero-sotto-attacco-di-estremisti-armeni/linked
Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir