ABŞ-ın hava yolları tarixində qeyri-adi hadisə yaşanıb. Baham adalarındakı Marş Harbor Beynəlxalq Hava Limanından qalxaraq Florida əyalətinə səyahət edən təkmühərrikli “Cessna 208” tipli kiçik təyyarənin pilotu qəflətən özünü pis hiss edərək huşunu itirib.
Təyyarədə olan iki sərnişindən biri dərhal Fort Pirsdəki hava hərəkəti dispetçeri ilə əlaqə yaradıb.
“Burada ciddi bir problem var. Pilot huşunu itirdi. Təyyarəni necə endirəcəyimi bilmirəm”, – deyən sərnişini dispetçer sakitləşdirməyə çalışaraq ona göstərişlər verməyə başlayıb.
Dispetçer Kristofer Flores ondan təyyarənin koordinatlarını bilib-bilmədiyini soruşub. Sərnişin isə koordinatları bilmədiyini, qarşısında ancaq Florida sahillərini gördüyünü deyib. Flores sərnişinə təyyarənin endirilməsi ilə bağlı təlimatlar verməyə başlayıb.
Bu arada təyyarənin Boka Raton aeroportuna Atlantik hava limanı üzərindən təxminən 20 mil məsafədə olduğu müəyyən edilib. Daha sonra Floridadakı Palm-Biç hava limanından dispetçerin sərnişinlə əlaqə yaratması təmin edilib. Eyni zamanda sertifikatlı uçuş təlimatçısı olan Robert Morqan uçuşla bağlı qısa və aydın təlimatlar verərək sərnişinin göstərişləri anladığından əmin olduqdan sonra tətbiq etməsini istəyib.
Bütün hava hərəkətinə nəzarət qrupu dəstək üçün əməliyyata qoşulub. Əməliyyat rəhbəri Mark Siviliya Palm-Biç hava limanındakı digər bütün uçuşları dayandırıb. Dispetçerlər təyyarənin enməsi və davam edən fövqəladə vəziyyət səbəbilə digər qüllələrlə əlaqə yaradıblar. Uçuş-enmə zolağına təcili müdaxilə qrupları göndərilib və digər nəqliyyat vasitələri ilə təyyarələr zolaqdan uzaqlaşdırılıb.
Morqan sərnişinə təyyarə endiyi zaman zolağın necə görünəcəyini, endikdən sonra necə əyləcə basılacağını və təyyarənin qanadlarının necə nizamlanacağını başa salıb. Heç bir uçuş təcrübəsi olmayan sərnişin təyyarəni uğurlu şəkildə yerə endirməyə nail ola bilib. Təcili yardım qrupu dərhal vəziyyəti pisləşən pilota tibbi müdaxilə edib.
“Heç belə bir şey yaşamamışdıq. Günün sonunda sadəcə işimi görürəmmiş kimi hiss etdim. Yeni pilota təbriklər”, – deyə Morqan sərnişini bu uğuruna görə təbrik edib.
Mənbə: Milliyet.com.tr
www.RIA24.az