Ali Baş Komandan xalqımıza Zəfər sevincini yaşatdı

Gündəm

Dekabrın 10-da Bakının Azadlıq meydanında “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın apardığı Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Bu qələbə otuz illik həsrətdən sonra Qarabağı Ana Vətən Azərbaycanla qovuşdurdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun rəşadətli zabit və əsgərləri düşmənə elə bir dərs verdilər ki, bundan sonra erməni faşizminin daşıyıcıları bir də heç zaman Azərbaycan torpaqlarına kəc nəzərlə baxmağa belə cürət edə bilməzlər. Yox əgər bu yenidən baş verərsə, o zaman Müzəffər Azərbaycan Ordusunun dəmir yumruğu yenə də düşməni əzər.

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qaldı. 1993-cü ildən bəri Azərbaycan hökuməti bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmış, bu istiqamətdə böyük iş aparmışdır. Xüsusilə son 17 il ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu işlərin intensivliyi və səmərəliliyi daha da artırılmışdı. Əlbəttə, Azərbaycan özünün ərazi bütövlüyünü döyüş meydanında qazandı. Lakin birmənalı olaraq qeyd edilməlidir ki, bu qələbənin əldə olunmasında möhtərəm Prezidentimizin son illər ərzində göstərdiyi siyasi və diplomatik səylərin rolu müstəsna əhəmiyyət kəsb etmiş oldu. Məhz dövlət başçımızın bu səylərinin nəticəsi olaraq bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Bununla da münaqişənin həlli üçün çox vacib olan hüquqi zəmin yaradıldı.

Bütün bu illər ərzində möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü müdrik və düşünülmüş siyasət, atdığı məqsədyönlü addımlar Azərbaycanın güclənməsinə yönəldilmişdi. Hələ 2003-cü ildə Prezident vəzifəsinə seçildiyi zaman cənab İlham Əliyev Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Həmçinin son 17 il ərzində Ali Baş Komandanımız dəfələrlə demişdi ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Bütün bu illər ərzində möhtərəm dövlət başçımız məhz bu istiqamətdə gərgin və çoxşaxəli fəaliyyət göstərdi. Bir tərəfdən dünyanın siyasi müstəvisində, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın nüfuzu yüksəldildi, digər tərəfdən də ölkə daxilində iqtisadiyyatımızın gücləndirilməsi üçün məqsədyönlü addımlar atıldı. Xüsusi olaraq bütün bu illər ərzində ordumuzun gücləndirilməsi işində indiyədək misli görünməmiş nailiyyətlər əldə olundu. Yeri gəlmişkən, Zəfər paradında nümayiş etdirilən Müzəffər Ordumuzun 150-dək hərbi texnikası, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər də Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizdə ordu quruculuğu işinə necə böyük diqqət və qayğı göstərildiyinin daha bir nümayişi oldu.

Əlbəttə ki, belə bir müdrik, qətiyyətli və öz xalqını sevən liderin rəhbərliyi altında sürətlə inkişaf edən Azərbaycanla Ermənistan heç cürə rəqabət apara bilməzdi. Nəhayət bu gün gəlib çıxdı. Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün vədlərinə əməl etdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu demək olar ki,

tamamilə məhv edildi. Zəfər paradında düşməndən ələ keçirlmiş hərbi qənimətlərin bir qisminin nümayişi də işğalçı erməni ordusunun darmadağın edilməsinin əyani sübutu oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu ermənilərin uzun illər boyunca yaratdıqları mifi də darmadağın etdi. Azərbaycan isə döyüş meydanında öz gücünü, öz qüdrətini göstərdi.

Bu gün bütün dünya bir daha gördü ki, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan!

Aqiyə Naxçıvanlı

Milli Məclisin deputatı, professor

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir