Azərbaycan xalqı dövlətinə, dövlətçiliyinə və Prezidentinə sadiq olduğunu bir daha nümayiş etdirdi

Gündəm

Bir neçə gün bundan əvvəl mən təcavüzkar Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri irimiqyaslı təxribatlara dair bəzi fikirlərimi bildirmişdim. Həmin çıxışımda mən birmənalı olaraq qeyd etmişdim ki, bütün digər hallarda olduğu kimi, düşmənin bu əməlləri də cavabsız qalmayıb və qalmayacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu bu təxribatların da qarşısını alacaq, düşmən geri oturdulacaq və lazım olduğu an hətta öz yuvasında belə darmadağın ediləcək. Bunun üçün bizim yetərincə gücümüz və imkanlarımız var.

Bu fikirləri AZƏRTAC-a şərhində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bildirib.

Deputat deyib: Bu çətin günlərdə gördük ki, ölkəmiz üçün, dövlətimiz üçün daha bir böyük təhlükə də məhz daxildə olan düşmənlərimizdən gələ bilər. Məhz bu təhlükənin qarşısının alınması üçün bu gün Azərbaycan xalqının daha yüksək səviyyədə birliyə və həmrəyliyə ehtiyacı var. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aparılan müzakirələrdə də bu məsələyə xüsusi yer verilmişdir. Dövlətimizin başçısı iclasda söylədiyi nitqində iyulun 14-dən 15-nə keçən gecə Milli Məclisin qarşısında baş verənləri hamımızın bir siqnal kimi qəbul etməli olduğumuzu vurğulayaraq deyib: “Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir…”

Xaricdən maliyyələşən, pozucu fəaliyyətlə məşğul olan düşmən qüvvələrlə işi bitirməyin vacib olduğunu diqqətə çatdıran dövlətimizin başçısı onların bütün antidövlət çıxışlarının, çağırışlarının təhlil edilməsini hüquq-mühafizə orqanlarına tapşıraraq bildirib: “Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

Göründüyü kimi, dövlətimizin başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Çünki Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.

Sərhəddə təxribat törədiləndən dərhal sonra Prezident müvafiq göstərişlər vermiş və beynəlxalq təşkilatlardakı, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat almış və təmsil olunduqları təşkilatların rəhbərlərini məsələ ilə bağlı ətraflı məlumatlandırmışlar. Biz bir daha şahid olduq ki, çətin günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyə Cümhuriyyəti və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib.

Bizim diplomatiyamız dövlətimizin başçısının bəyan etdiyi kimi, hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Prezident tərəfindən bu bəyanat dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. Dövlətimizin başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Məhz Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycanın xarici siyasəti son illərdə düşmən üzərində əhəmiyyətli qələbələrə imza atıb. Bu çoxsaylı diplomatik uğurları bir-bir sadalamaq fikrindən uzağam. Azərbaycanın dünya dövlətlərinə koronavirus infeksiyasına qarşı mübarizə səylərini birləşdirmək məqsədilə BMT Baş Assosiasiyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün bəyənilməsi dediklərimə əyani sübutdur. Birmənalı demək olar ki, xarizmatik siyasi xadim olan Prezident İlham Əliyev indiyədək diplomatiyamızın əsas yükünü də öz çiynində daşımışdır və daşıyır.

Bu yerdə xatırlatmağa dəyər ki, 130 dövlətin dəstəklədiyi həmin təşəbbüsün əleyhinə yalnız Ermənistan çıxmışdı. Törətdiyi təxribat da göstərdi ki, Ermənistan Azərbaycana diplomatiya müstəvisində uduzmasını həzm edə bilmir. Ermənistan tərəfindən törədilən hərbi təxribatın digər səbəbi isə bu ölkədə hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Prezident İlham Əliyev nitqində bu məsələyə də toxunaraq demişdir: “Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atıldı”.

Qucaqlara sığınan Ermənistanın çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsinə, yardım istəməsinə də Azərbaycan Prezidenti şərh verərək bildirib: “KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür…”

Ali Baş Komandanımızın əminliklə qeyd etdiyi kimi, Azərbaycan dövləti və Azərbaycan Ordusu vətəndaşlarımızı qoruyur və qoruyacaqdır. Dövlət–vətəndaş, xalq–hakimiyyət birliyinə xələl gətirmək istəyənlərin arzuları isə gözlərində qalacaqdır.

Bu gün biz Heydər Əliyev ideyalarına sadiqliyimizi bir daha nümayiş etdirməliyik. Bunun üçün isə bizə Prezident İlham Əliyevin ətrafında daha sıx birləşmək və bütün düşmənlərimizə birlikdə güclü olan Azərbaycanın nələrə qadir olduğunu nümayiş etdirmək lazımdır. Biz də bunu edirik. Dövlət hər zaman öz gücünü xalqdan alır. Azərbaycan xalqı isə öz dövlətinə və dövlətçiliyinə sevgisini, inamını, etibarını dəfələrlə sübuta yetirib. Qürurla qeyd etməliyəm ki, dövlətimizin başçısının iyulun 14-dən 15-nə keçən gecə Milli Məclisin qarşısında baş verən hadisələrlə bağlı söylədiyi fikirlərdən dərhal sonra minlərlə Azərbaycan gənci könüllü olaraq cəbhəyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbələrinə müraciət ediblər. Bu isə bir daha Azərbaycan xalqının öz dövlətinə, öz prezidentinə olan sonsuz sevgisini, inamını və sədaqətini nümayiş etdirən ən vacib göstəricidir.

AİA.Az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.