
Bakı. Trend:
Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına
məhdudiyyət qoyulub.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
məlumat yayıb.
Bildirilib ki Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST)
rəsmi məlumatlarına əsasən, Türkiyə Respublikasının Ədirnə
vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Hindistan
Respublikasının Maxaraştra ştatında dabaq xəstəliyi, Bolqarıstan
Respublikasının Köstəndil vilayətində, Polşa Respublikasının
Pomorsk inzibati ərazisində blutanq xəstəliyi, Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Aberdinşir
inzibati ərazi vahidində və Cənubi Afrika Respublikasının Qərbi
Keyp əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə
alınıb.
“Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması
məqsədilə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən adıçəkilən
ölkələrin həmin inzibati ərazi vahidlərinə, zonalaşma prinsipi
nəzərə alınmaqla, ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq
Məcəlləsi”nə uyğun olaraq, müvafiq malların idxalına müvəqqəti
məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük
Komitəsinə müraciət olunub”,- deyə məlumatda qeyd edilib.