Bura keçmiş təmas xəttidir. Artıq işğal da, düşmənlər də, onların vəhşiliyi də dünəndə qalıb. Ancaq işğal illərinin torpağın köksündə açdığı yaralar köz-közdür.
Bura indi həyatla ölümün, Xeyirlə Şərin, işıqla qaranlığın təmas xəttidir…
Ağdamdayıq. Bir zamanlar işıqları ilə, ağ damları ilə, qaynar həyatı ilə şöhrət tapan Ağdamda… Məhz burada işığın, xeyirin, həyatın mühafizəçiləri torpağın bağrındakı düşmən izlərini silirlər.
Otuz ilə yaxın müddət ərzində torpaqlarımızın qaytarılması üçün heç bir addım atmayan ATƏT-in Minsk qrupunun həmsədrləri məhz burada – Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində görüşürdülər. Vətənimizin, xalqımızın taleyini dəyişən 44 günlük müharibədən sonra burada yeni yaşam mübarizəsi gedir.
Səhər saat 6-dır. Minatəmizləyənlər üçün yeni gün başlayır. Məqsəd 28 ildən sonra mənfur düşmən Ermənistanın işğalından azad olunan əraziləri minadan təmizləməkdir.
Oxu.Az əməkdaşları da minatəmizləyənlərlə birlikdə sahədə “ova” çıxırlar.
Ərazinin hər tinində, küçəsində mina, partlamamış hərbi sursatlar var…
Yol boyu “Təhülkəlidir, Mina!” tabloları qoyulub.
Hər gün Minalardan Təmizləmə üzrə Çevik Qrupun əməkdaşları əraziyə çıxmadan təhlükəsizlik tədbirləri barədə məlumatlandırılırlar.
Elə bizə də təhlükəsizlik tədbirləri barədə məlumat verildi. Çünki hər bir santimetrdə partlamamış hərbi sursat ola bilər.
Bu ərazi ölümlə yaşam arasındakı yerdir desək, yəqin ki, yanılmarıq.
Kiçik arayış:
44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və müharibənin digər qalıqlarından təmizlənməsi prosesinə digər dövlət qurumları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının qrupları da cəlb olunublar.
Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri, polkovnik Vüqar Məhərrəmov bildirib ki, hər gün səhər saatlarında şəxsi heyət ərazidə düzülür:
“Hər bir şəxsə təhlükəsizlik qaydaları, təlimatlar verilir. Daha sonra minalı ərazilərə hərəkət edirik və iş başlayır. Hazırda işlədiyimiz ərazi 30 il düşmən işğalında olan və təmas xətti deyilən ərazidir. Bura qarışıq – tank və piyada əleyhinə minalarla çirkləndirilmiş yerlərdir. Ərazi düşmən tərəfindən məqsədli şəkildə çirkləndirilib. Burada metal qırıntıları, qəlpələr var ki, bizə minaların aşkar olunmasında çətinliklər yaradır”.
O qeyd edib ki, “sürpriz” minalarla da rastlaşırlar:
“Dəfələrlə olub ki, piyada əleyhinə mina tapmışıq. Bir az da diqqətlə baxdıqda isə tank əleyhinə mina aşkarlamışıq. Düşmən minaları o qədər yaxın basdırıb ki, bir minanı aşkar etdikdə digərinin üzərinə basaq və məhv olaq. Biz buna baxmayaraq, təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edərək, ərazini minalardan təmizləyirik”.
Minaaxtaran qruplar işlədikcə əraziyə qırmızı rənglə boyanan taxtalar sancırlar. Əgər ərazidən mina aşkarlanıbsa, oraya sarı rəngə boyayan taxta basdırılır.
V.Məhərrəmov mina təhlükəsi və partlamamış sursatların yaratdığı təhlükələr barədə əhaliyə də müraciət edib:
“30 il səbir edən xalqımızın nümayəndələri bir az daha gözləsinlər. Nəzarət postlarından yayınaraq işğaldan azad olunmuş ərazilərə keçid etməsinlər. İcazə verilən ərazilərə təyin olunmuş marşrutlar üzrə hərəkət etsinlər. Biz çalışırıq ki, minalı sahələri tez bir zamanda təmizləyək və intizarda olan vətəndaşlar doğma ata-baba yurdlarına tam təhlükəsiz şəkildə gəlsinlər. Vətəndaşlarımız hər hansı partlamış sursat, ərazinin xüsusiyyətinə xas olmayan əşya görərlərsə, onlara kənar fiziki təsir göstərmədən “112” qaynar xəttinə zəng edərək məlumat versinlər”.
Ərazilərin partlamamış hərbi sursatlarla (PHS) çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.
İtlərə mina, partlayıcı maddələrin aşkarlanmasını öyrətmək də maraqlı prosesdir.
Əvvəldən onların potensialı müəyyənləşdirilir və müvafiq təlimə start verilir.
Belə ki, itlər nəzəri və praktiki məşğələlərlə birlikdə üç-dörd, bəzən hətta altı aya qədər təlimçinin ixtiyarında olurlar. İtlərin öyrədilməsi metodu bütün dünyada əsasən oyun üzərində qurulur.
İtlərə qoxu vasitəsilə əşyanın mənbəyini aşkarlamaq öyrədilir. Hər bir itin özünəməxsus ovu, şikarı var.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji qrupunun əməkdaşı Vəzir Vəzirli deyir ki, itlər həyata keçirdikləri əməliyyatı həmişə oyun zənn edirlər:
“İtə “axtar!” komandası verilən zaman 10 metr xalta boyunca gedir və geri gəlir. İtlər iylə minanı təyin edir”.
Bu itlərdən çəkinmək lazım deyil. Onlar yalnız təhlükəsiz, rahat həyatımız üçün mina axtarmağa kömək edirlər.
Ərazinin yaxınlığında təcili yardım maşını da gözləyir ki, birdən bir hadisə olarsa, dərhal müdaxilə edilsin.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin İstehkam və Pirotexnik Tağımının əməkdaşı Altay Alıyev deyir ki, Azərbaycan dövləti Vətən müharibəsindən sonra Xaçınçay su anbarının bərpası üçün işlər görür:
“Su anbarının ətrafı partlamamış sursatlardan təmizlənir. Bu gün kanalın sağ-sol hissəsində piyada və tank əleyhinə minalar var. Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Təhlükəsizlik qaydalarına riayət edərək, maksimum sürətlə çalışırıq”.
Aşkar olunmuş minalar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) təhvil verilir.
Təhlükəsizlik qaydalarına riayət edərək, ərazini tərk edirik. Onlar isə vətəndaşlarımızın doğma dədə-baba torpaqlarına rahat gəlməsi üçün missiyalarını davam etdirirlər.
İlhamə Əbülfət
Daha çox şəkil burada: Photostock.az
www.RIA24.az