Qazi: “Yaralansam da, 18 saat döyüşmüşəm”

Gündəm

“44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl rayonundan Şuşaya qədər döyüş yolu keçmişəm”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Vətən müharibəsi qazisi, xüsusi təyinatlı qüvvələr mənsubu Elvin Vəliyev bildirib.

O qeyd edib ki, döyüşlər zamanı Qırmızı Bazar deyilən ərazidə yaralanıb:

“Buna baxmayaraq, 18 saat döyüşü davam etdirmişəm. “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşam”.

Qazi deyir ki, Vətən müharibəsi bitdikdən sonra ona dövlət qayğısı göstərilib:

“Dövlətin diqqət və qayğısı mənim haqqım olacaq hər şeylə təmin olunmağımdır. Müharibə bitdikdən sonra sağlamlıq vəziyyətim qiymətləndirilib və üçüncü qrup əlillik dərəcəsi təyin olunub. Əlillik təyinatı olandan sonra evlə və bütün sosial ödənişlərlə təmin olunmuşam”.

Elvin Vəliyev vurğulayıb ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalşır:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə göstərdiyi xüsusi diqqət və qayğıya görə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələrinə və müharibə iştirakçılarına genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilməkdədir. Ötən dövrdə Vətən müharibəsi şəhidlərinin səkkiz minədək ailə üzvünə 16 minədək sosial ödəniş (Prezident təqaüdü, müavinət və ya pensiya) təyin olunub, 3 151 müharibə iştirakçısına əlillik və bununla bağlı sosial ödəniş təyin olunub. Cari ildə “Müharibə veteranı” adı verilmiş 81 856 şəxsə də Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yekunlaşdırılıb. Ümumilikdə 93 min nəfərə 104 min sosial ödəniş təyin olunub.

Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği 2021-2022-ci illərdə orta hesabla 60% artırılıb. 1 yanvar 2021-ci ildən Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü, 1 yanvar 2022-ci ildən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü təsis olunub.

Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə beş dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə ümumilikdə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.

Dəstək tədbirləri çərçivəsində müharibə əlillərinin atomobillə təminatı işləri də davam etdirilib. Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bu günədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub.

Postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil olmaqla 13 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 7,8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib. Bu ilin 1 iyul tarixinə “Məşğulluq marafonu”na qoşulan 649 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2423 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Həmçinin doqquz mindən artıq şəxsə 28,5 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1456 müharibə əlilinə 20 766 reabilitasiya vasitəsi verilib. 

İlhamə Əbülfət

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir