İyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, qitə birinciliyində mübarizəyə yunan-Roma güləşçiləri başlayacaq. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında Hüseyn Savadov (45 kq), Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Fəraim Mustafayev (55 kq), Məhəmməd Qasımzadə (60 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq), İsmayıl Rzayev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Məzaim Mərdanov (110 kq) ölkəmizi məsul yarışda təmsil edəcək.
Bu gün Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri Olimpiya Güləş Mərkəzində komandayla görüşüb. İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev və Fərid Mansurov, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və olimpiya çempionu Toğrul Əsgərov milli üzvlərinə qarşıdakı məsul yarışda uğurlar arzulayıb.
Qeyd edək ki, AÇ-nin proqramına əsasən, iyunun 12-də güləşin klassik növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti 3 gündə isə bu növdə mübarizə baş tutacaq. Qitə birinciliyində beynəlxalq kateqoriyalı hakimlər Kamran Əliyev və Vüqar Şükürov ədaləti qoruyacaq.
www.RIA24.az