
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci
il tarixli 29/1-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin
təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi
ehtiyatların yaradılması Qaydası”nda, 2022-ci il 22 iyul tarixli
29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o
cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və
tələblərə dair Qayda”da, 2020-ci il 24 aprel tarixli 16/1-2 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının
hesablanması Qaydaları”nda dəyişikliklər edib.
Trend xəbər
verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar
imzalayıb.
Qərara əsasən,“Aktivlərin təsnifləşdirilməsi və mümkün
zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması
Qaydası”nda borcalanın zərəri hesablanarkən onun faiz, vergi və
amortizasiya xərcləri nəzərə alınmayacaq.Yəni borcalanın zərərlə
fəaliyyət göstərməsi dedikdə onun faiz, vergi və amortizasiya
hesablanmazdan əvvəlki mənfəət göstəricisinin onun cəmi faiz
xərclərindən az olması və ya mənfi olması nəzərə alınacaq.
Həmçinin yüksək keyfiyyətli qiymətli kağızlara AMB-nin buraxdığı
qiymətli kağızlarla eyni kredit reytinqinə malik çoxtərəfli inkişaf
banklarının buraxdığı qiymətli kağızlar da aid edilib.
“Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı
prudensial normativ və tələblərə dair qayda”da dəyişikliklərə
əsasən, milli valyutada istehlak kreditlərinin təminatı qismində
eyni bankda olan depozitlər, digər birinci qrup təminatlar və banka
saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları
istisna olmaqla) nəzərə alınacaq. İndiyə qədər təminat kimi eyni
bankda olan depozitlər, banka saxlanc girovu kimi qoyulmuş bank
metalları və digər qiymətli metallar çıxış edirdi.
Bundan başqa, limitli borcalanın vergidən sonra xalis
gəlirlərinin 5 mislindən artıq olan istehlak krediti xətlərinin
məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1
%-dən artıq olmamalıdır. Hesablama zamanı nəzərdə tutulmuş
təminatlarla təmin edilmiş kredit xətləri istisna olmaqla
borcalanın bütün kredit təşkilatları qarşısındakı öhdəlikləri
nəzərə alınacaq.
“Bank kapitalının və onun adekvatlığının hesablanması
Qaydaları”nda dəyişikliklərə əsasən, istehlak krediti xətlərinin
istifadə edilməmiş hissəsi (balansdankənar hesablarda uçota alınan)
bu qaydaların 9.6.1-1-ci yarımbəndinə uyğun olaraq kreditə
konvertasiya edildikdən sonra 100 (yüz) faizli risk qrupuna aid
edilir.
AMB-nin Hüquq departamentinə buqərarların 3 gün müddətində
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə
Nazirliyinə təqdim edilməsi tapşırılıb.